Əsəd çətin vəziyyətdə: Putin Suriya liderinin xahişinə nə cavab verəcək?
"Rusiya və İranın mövqeyinin zəifləməsi, avtomatik olaraq Suriyada digər qüvvələrin həmin boşluğu doldurmasına səbəb olacaq. Belə dəyişiklik Bəşər Əsədin maraqlarına cavab vermir”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Züfəroğlu Moskvada səfərdə olan Suriya prezidentinin bəyanatını şərh edərkən deyib.
Bəşər Əsədin Rusiyaya çağırış edərək, Suriyadakı hərbi varlığını genişləndirməsini istəyib.
Ekspertin sözlərinə görə, Suriyada proseslər başlayandan bəri rəsmi Dəməşqin əsas müdafiəçiləri qismində Rusiya və İran çıxış edib:
"Prosesin uzanması və Əsəd hakimiyyətinin vəziyyətə nəzarəti əldən buraxmamasının əsas səbəbkarları da məhz bu iki dövlətdir. Tehranın Dəməşqə kifayət qədər ciddi təsir imkanları var. Amma Rusiyanın mövqeyinin güclənməsi də Dəməşqin maraqlarına cavab verir. Əsədin həmin çağırışını əslində bu formada qiymətləndirmək olar.
İranla bağlı vacib proseslər baş verir. Rusiya Ukrayna məsələsində hərbi və maliyyə baxımından kifayət qədər itkilərə məruz qalır. Bu mənada Dəməşq sözügedən iki dövlətin mövqeyinin Suriyada hazırda da güclü olmasında maraqlıdır. Çünki hər hansı bir şəkildə həmin iki dövlətin mövqeləri zəifləyərsə, bu, avtomatik olaraq digər qüvvələrin həmin boşluqları doldurmasına gətirib çıxaracaq.
Qərb baş verən son proseslər fonunda Yaxın Şərqdə öz mövqeyini gücləndirmək niyyətindədir. Türkiyənin də bölgədə mövqeyi güclənməkdədir. Dəməşqin Rusiyaya etdiyi çağırış da məhz sözügedən məqamlardan qaynaqlanır”.
Amma həmsöhbətimiz Rusiyanın Suriyanın çağırışına müsbət cavab verəcəyini düşünmür:
"Ukrayna müharibəsinin uzanması Rusiyaya hər baxımdan kifayət qədər ciddi itkilər yaşadır. Bunun fonunda Moskvanın Suriyada çağırışa uyğun adekvat addımlar atacağı bir qədər şübhəlidir. Bəlkə də bu səbəbdəndir ki, Moskva Türkiyə ilə Suriya arasında vasitəçilik missiyasını oynamaqda əsas vəzifəni öz üzərinə götürüb. Faktiki olaraq Rusiya Suriyadakı prosesləri yenə də öz nəzarətində saxlamağa çalışır. Lakin hərbi nöqteyi-nəzərdən Moskvanın Suriyada iştirakını artıracağı inandırıcı görünmür".
543 dəfə oxundu