“Naxçıvanda NK-nın qərarı işləmir, buğdanı məcbur 100 manat ucuz satırıq”

“Naxçıvanda NK-nın qərarı işləmir, buğdanı məcbur 100 manat ucuz satırıq”
Naxçıvanda fermerlərin əkib-becərdikləri buğdanının bir tonunu dövlətin təyin etdiyi qiymətdən 100 manat ucuz satmaq məcburiyyətində qaldıqları bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a bir qrup fermer məlumat verib.

Məlumata görə, buna səbəb buğdanı onlardan satın alan dəyirman-tədarük məntəqələrinin bir əldə cəmlənməsdir. Fermerlər deyirlər ki, buğdanı satmaq üçün alternativ variantları olmadıqda yüksək vəzifəli məmurların nəzarətində olan bu məntəqələrin təyin etdiyi ucuz qiymətlə razılaşmalı olurlar.
Bildirilib ki, Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli qərarı ilə ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti bu il üçün 450 manat müəyyən edilib. Lakin Naxçıvanda dəyirman-tədarük məntəqəsi fermerlərdən buğdanın tonunu ən yaxşı halda 350 manatdan qəbul edir.
Fermerlərdən Firudin Qədimov deyir ki, tədarük məntəqələri onlardan ucuz aldığı buğdanın bir tonunu sonradan 250 manat bahasına satır:
“Bu il 20 ton buğda tədarük etmişdim. Tədarük məntəqəsində 35 qəpikdən götürdülər. Halbuki Nazirlər Kabinetinin qərarına görə, qiymət 45 qəpikdir. Dəyirman-tədarük məntəqəsində mübahisə etdim, dedilər ki, “istəmirsən, qaytar apar, kimə də istəyirsən şikayət elə, burada qayda budur”. Məcbur qalıb tonunu 350 manata razılaşdım. Çünki həm saxlamaq imkanı yoxdur, həm də əkin-biçin işlərinə görə traktorçuya, kombaynçıya borcum var idi. Monopoliyadır deyə, başqa yerə satmaq da mümkün deyil. Ötən il də bizi ucuz satmağa məcbur etdilər. Bir müddət sonra hər tonun üstünə 250 manat qoyub, öz müştərilərinə satdılar”.
Digər fermer Səlim Qurbanov da oxşar vəziyyətdən şikayətçidir:
“Tədarük məntəqəsində 15 ton buğda, 5 ton arpa verdim. Buğdanın kilosunu məndən 35 qəpiyə, arpanı isə 25 qəpiyə götürdülər. Nazirlər Kabinetinin qərarına görə, buğdanın qiyməti 45 qəpikdir. Əziyyətini biz çəkirik, onlar daha çox pul qazanırlar. Tədarük məntəqələri bir əldədir. O da vəzifəli şəxslərə məxsusdur. Bundan istifadə edərək nə ölkə başçısının sərəncamına, nə də Nazirlər Kabinetinin qoyduğu qiymətə məhəl qoyurlar. Bilirlər ki, fermerlərin istehsal etdikləri buğdanı satmaq üçün alternativ variantları yoxdur. Bu səbəbdən fürsətçillik edirlər. Yüksək vəzifəlilərin nəzarət etdiyi taxıl monopoliyası bizim belimizi qırıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...