“Nəzir qutularına atılan pullar hara xərclənir?” – Elşad Miri nəzir oğurluğundan danışdı
Xəbər verdiyimiz kimi, Yasamal rayonunda məsciddə nəzir qutularından oğurluq edən şəxs saxlanılıb. DİN-dən verilən məlumata görə, rayon ərazisində yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub. Oğurluqda şübhəli bilinən 34 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb.
Onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, nəzir qutularına atılan pulların hara xərcləndiyi barədə aidiyyəti qurumdan heç bir məlumat verilmir və həmin pulların aqibəti bəlli deyil:
"Bu məsələdə birinci növbədə 13 min manatın oğurlandığını kim deyib? Hardan biliblər ki, nəzir qutularının içərisində 13 min manat pul var? Bu məsələnin birinci tərəfidir.
İkinci məsələ isə Aşura, Məhərrəm ayı ərəfəsində məscidlərdə izdihamın yaşanması, qələbəliyin olması gələn insanların nəzir qutularına daha çox pul atmasına səbəb olur. Onlar guya günahlarını yumaq üçün bu addımı atırlar.
Bir ildir ki, məscid və digər ibadətgahlarda qoyulan nəzir qutuları Qafqaz Müsəlmanları İdarəsinin nəzarətindən alınıb. Artıq məscidlərdəki nəzir qutularına nəzarəti Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi həyata keçirir. Amma bu günə qədər bu qurumun həmin sahədə bir fəaliyyətinin belə şahidi olmuruq. Bu zaman sual yaranır ki, nəzir qutularına atılan pullar hara xərclənir?"
İlahiyyatçı qeyd edib ki, pulların bilinməz bir qutuya atılmağındansa, hər hansı xeyriyyə cəmiyyətinə verilməyinin tərəfdarıdır:
"İnsanlar pulu aparıb nəzir qutusuna atacağına qədər tanıdığı, bildiyi bir kasıba əl tutsa, ehtiyacı olan bir tələbənin təhsil haqqını ödəsə daha yaxşı olar. Bunu etmək əvəzinə tanımadığı-bilmədiyi bir nəzir qutusuna pul atmağın heç bir mənası yoxdur.
Əgər bu məsələ ilə bağlı insanların bir fikri, arzusu varsa, nəzir vermək istəyirsə, bunu uşaqlarla, qocalarla bağlı olan yerlərə verməkləri daha məqsədəuyğundur, nəinki bilinməz bir qutuya atmaqları. Bunun özü çox şübhəli məsələdir.
Bəzən bu xəbəri görənlər şərhlərdə "oğrudan-oğruya halaldır" -, deyə yazırlar. Təbii ki, bu bir ittihamdır, kim oğrudur, kim deyil, bu tamam ayrı məsələdir. Lakin faktiki olaraq bu hərəkətin - qutulara nəzir atılmasının heç bir əsası yoxdur".
525 dəfə oxundu