“Cavid özü Rasimi aldadıb, görüşə çağırdı” Mərhum jurnalistin anası
[b]“Həmin adamları Rasimlə görüşə Cavidin özü göndərib. Rasim dedi ki, ana Cavid zəng eləmişdi. Dedi, səni söyən uşaqlar gəlib səndən üzr istəyəcəklər”. Bunu musavat.com-a açıqlamasında avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən və aldığı xəsarətlərdən xəstəxanada vəfat edən jurnalist Rasim Əliyevin anası Seyfurə Əliyeva deyib. [/b]
Cavid Hüseynovun Rasimin ölümündən xəbərsiz olmasını deməsinə münasibət bildirən Seyfurə Əliyeva bunun yalan olduğunu deyir: “Cavid həmin adamları tanıyır. Rasimi aldatdılar. Cavid özü Rasimi aldadıb, görüşə çağırdı. Ayrı-ayrı adamlar Rasimə zəng edirdi. Rasim dedi ki, zəng edənlərdən biri özünü Cavidin bibisioğlu kimi təqdim edib. Biri də deyib ki, adı Vüsaldır. Cavid onları Rasimlə görüşə göndərmişdi. Guya çay içib, üzrxahlıq edəcəklərdi. Rasim pul da götürmüşdü ki, çay içəcəklər”.
S.Əliyeva oğlunun döyülməsi haqda bunları danışdı: “Rasimi çatan kimi vurublar. Namərd insanı arxadan vurar. Pul qabını və telefonunu da götürüblər. Mənə dedi ki, yerə yıxıldım, ancaq ayaqlarını görürdüm. Rasim dedi ki, azı 6 nəfər idilər”.
[b]Cavid Hüseynovun xəstəxanada Rasimi ziyarət etməsindən də danışan S.Əliyeva bildirdi ki, həmin vaxt oğlunun yanında dostu Aydın olub: “Cavid xəstəxanaya gələndə mən evdə idim. Yanından bir az olar çıxmışdım. Dostu Aydın Rasimin yanında idi. Sonra mən Rasimlə telefonda danışdım. Mənə dedi ki, Cavid və “Qəbələ” klubunun meneceri gəlmişdi. Ondan üzrxahlıq ediblər. Cavid deyib ki, onun döyülməsindən xəbərsizdir və həmin adamları tanımır. Ətraflı danışmaq istədim. Rasim dedi ki, yanına gələndə danışarıq”.[/b]
S.Əliyeva sosial şəbəkələrdə Cavid Hüseynovun ailəsini tanımaları, onlarla tanışlıqlarının olması və Cavidin atası ilə sinif yoldaşı olması haqda yayılan məlumatlara da münasibət bildirdi: “Biz Cavidin ailəsini tanımırıq. Heç bir qohumluğumuz da olmayıb. Bizim əslimiz də Cəbrayıldandır. Ancaq onları tanımırıq. Yalan yazırlar. Nə bir əlaqəmiz, nə də bir tanışlığımız var”.
Qeyd edək ki, Cavid Hüseynov 9 mart 1988-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. Cavid Hüseynov şəhid Şakir Abbasovun oğludur. Futbolçunun atası Şakir Hüseyn oğlu Abbasov 1993-cü ildə Qarabağ döyüşləri zamanı 896 saylı Cəbrayıl alayında batalyon komandiri olub. Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.
Xatırladaq ki, ölən jurnalist Rasim Əliyev Cavid Hüseynovu tənqid edən status yazdığına görə, onun qohumları tərəfindən döyülmüşdü. Onu döyənlərdən biri Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov olub və onun polisə təslim olduğu bildirilir.
1 164 dəfə oxundu