“Bakıda qanunsuz ət kəsim məntəqələrinə qarşı nəzarət daha da gücləndirilib”
“Hazırda Bakı şəhərində 10 ət kəsim məntəqəsi bizim qeydiyyatımızdadır. Bu ət kəsim məntəqələrində Bakı Şəhər Baytarlıq İdarəsinin baytar-sanitar ekspertiza laboratoriyaları fəaliyyət göstərir. Bu gün 10 ət kəsim məntəqəsinin əhalini ətlə tam təmin etməyə gücü çatır”. Bunu APA-ya Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib.
O, bildirib ki, Bakıda fəaliyyət göstərən qanunsuz ət kəsim məntəqələrinə qarşı nəzarət tədbirləri daha da gücləndirilib: “Biz bu cür fəaliyyət göstərən obyektlərə qarşı mütəmadi reydlər keçiririk”. A.Aslanovun sözlərinə görə, yay mövsümi ilə bağlı hər gün Baytarlıq İdarəsinin işçiləri tərəfindən ət satışına nəzarət həyata keçirilir: “Mümkün deyil ki, neqativ hallar olmasın. Bu cür neqativ hallara qarşı da tədbir görürük. Problem aşkarlananda ət satışdan çıxarılır və cərimə tətbiq olunur. Lazım gələrsə obyektin fəaliyyətinin dayandırılması barədə məsələ qaldırırıq. Həkimlər ət kəsim məntəqələrində gecə-gündüz həm kəsim vaxtı, həm də kəsimdən sonra müayinə aparırlar”.
Baytarlıq İdarəsinin rəisi əhalini soyuducuda saxlanmayan, günəş altında satılan ət məhsullarını almamağa çağırıb.
1 259 dəfə oxundu