“Qarabağ”la səfər oyununda bizə çətin olacağını anlayırıq” - “Şerif”in baş məşqçisi
"Qarabağ"la oyuna yaxşı əhval-ruhiyyədə çıxacağıq".
Bunu Moldova "Şerif"inin baş məşqçisi Qoran Sabliç Milli Diviziyadakı Tiraspol derbisində "Dinamo-Avto"nu 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis bildirib ki, Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə Azərbaycan təmsilçisi üzərində qazandıqları 1:0 hesablı qələbə qrupa yüksələ biləcəklərini düşünməyə imkan verir: "Tiraspolda yaxşı nəticəyə nail olmuşuq. Səfərdə bizə çətin olacağını anlayırıq. Lakin komandamızın fiziki və mənəvi durumunun yaxşı olacağına inanıram. Hazırlaşırıq".
"Şerif"in futbolçularından Yuri Kendış sarı vərəqə limitini aşdığı üçün Bakıdakı cavab görüşündə oynamayacaq. Lakin xorvatiyalı baş məşqçi Belarus millisinin yarımmüdafiəçisini əvəzləməyə qadir bir neçə futbolçunun olduğunu söyləyib: "Bu, çətin olacaq. Amma fikrimcə, biz münasib variant və tapşırığımızı yerinə yetirə biləcək oyunçunu tapacağıq. Meydana çıxan istənilən futbolçu istəkli, konsentrasiyalı olmalıdır. Fikrimcə, hər şey normal olacaq".
Sabliç "Dinamo-Avto" ilə matçda aparıcı futbolçularının bir çoxunu ehtiyatda saxlamasının səbəbini isə belə izah edib: "Son zamanlar çox oynayan futbolçular çempionat matçında istirahət etdilər. "Qarabağ"la cavab görüşü ərəfəsində belə addım vacibdir. Bu andan qarşıdakı oyuna hazırlaşacağıq".
Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 21:00-da başlanacaq. Hazırda "Şerif" Moldova Milli Diviziyasında 18 oyundan 42 xalla 1-ci pillədə qərarlaşıb və ən yaxın izləyicisi "Milsami"ni 7 xal qabaqlayır. (Report)
663 dəfə oxundu