Vergilər mağazalarda "kassa reyd"lərinə başladı - CƏRİMƏ, XƏBƏRDARLIQ...
Vergilər Nazirliyi Bakı şəhərində yerləşən iaşə və ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı monitorinqlər keçirib.
Nazirlikdən FED.az-a a daxil olmuş məlumata görə, monitorinqlər zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Əsasən məlumatlandırıcı xarakter daşıyan tədbirin məqsədi nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatlarından istifadə edilməsinin zəruriliyi və cəmiyyətdə kassa çeklərinin tələb olunması vərdişlərinin formalaşdırılması olub. Vergilər Nazirliyinin əməkdaşları monitorinqlər zamanı vergi ödəyicilərini kassa çeki, qəbz və digər ciddi hesabat blanklarının təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.
Monitorinqlər əsasən ictimai-iaşə obyektləri, ərzaq, geyim, inşaat və santexnika materiallarının satışını həyata keçirən mağazaları əhatə edib. Monitorinqlər zamanı bir sıra obyektlərdə qanun pozuntularına yol verilməsi, nağd hesablaşmaların aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə olunmaması, kassa çeklərinin vətəndaşlara təqdim edilməməsi kimi hallara rast gəlinib, bəzi obyektlərdə isə bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsi müşahidə olunub.
Səbail rayonunda yerləşən “Viva dessert” şirniyyat mağazasında, Nəsimi rayonundakı “Geox” ayaqqabı mağazasında, Nərimanov rayonunda fəaliyyət göstərən “Lider inşaat” santexnika mağazasında və “Nobel elektrik” elektrik malları mağazasında monitorinqlər zamanı nöqsanlar aşkar edilməyib və vergi qanunvericiliyinin tələblərinə əməl olunduğu müşahidə edilib.
Monitorinqlər zamanı Nəsimi rayonunda yerləşən “Mega store” supermarketində, Yasamal rayonunda yerləşən “One pub kafe” və “Cafe Park” kafelərində, Səbail rayonunda fəaliyyət göstərən “Pappa Rotti” və “Ajda” kafelərində, Nərimanov rayonundakı “SİS underwear” mağazasında, Nəsimi rayonunda yerləşən “Ador” ərzaq mağazasında (Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin düz yanında yerləşir - FED.az), həmin rayonun ərazisində fəaliyyət göstərən “Türkoğlu dönər” kafesində, “28 pub” restoranında, “Krevetka” kafesində, Səbail rayonunda yerləşən “Mughal” restoranında, həmçinin bir sıra digər ticarət və ictimai iaşə obyektlərində ilk dəfə belə nöqsanlara yol verildiyi aşkar olunub.
Keçirilən tədbirlərin nəticəsi olaraq, Nəsimi rayonunda yerləşən “Spar market”də, “URP” mağazasında və “Araz supermarket”də, Yasamal rayonunda Həsənov İlhama məxsus kafedə, Nərimanov rayonu ərazisində yerləşən “Ted Baker” mağazasında, Səbail rayonu ərazisində yerləşən “Baumler” mağazasında, Nizami rayonunda avtomobil üçün ehtiyat hissələri satılan mağazada, Nəsimi rayonunda fəaliyyət göstərən “Sekrets” kafesində, Nəsimi rayonunda yerləşən “Game and cinema center”də, Səbail rayonundakı “Coffe station” kafesində və digər obyektlərdə nöqsanlar aşkar edilərək müvafiq aktlar tərtib edilib.
Bütövlükdə aparılmış maarifləndirici monitorinqlər çərçivəsində qanun pozuntusu aşkar edilmiş obyektlərin 45%-nə cərimələr tətbiq edilib, 15%-də qanun pozuntları aşkar edilməyib, qalan 40%-i üzrə, yəni ilk dəfə qanun pozuntusuna yol vermiş obyektlərə isə xəbərdarlıq edilib və bu cür pozuntulara növbəti dəfə yol verəcəkləri təqdirdə, həmin vergi ödəyicilərinə qarşı qanun çərçivəsində tədbirlər görüləcəyi onların nəzərinə çatdırılıb.
Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələbləri çərçivəsində fəaliyyət göstərməyə, 2018-ci ilin vergi qanunvericliyinin tələblərinə əməl edilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşmasında “keçid ili” olmasından sui-istifadə etməməyə, nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri ilə hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çeki, qəbz və digər ciddi hesabat blanklarını təqdim etməyə, vətəndaşları isə alış-veriş edərkən kassa çeki tələb etməyə dəvət edir. Unutmayaq ki, kassa çekləri sizin istehlakçı hüquqlarınızın pozulduğu hallarda, mənafelərinizin qorunması ilə yanaşı, dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.
Vergilər Nazirliyinin Bakı şəhərində yerləşən iaşə və ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı keçirdiyi monitorinqlər barədə videosüjetlə aşağıdakı linkdən tanış ola bilərsiniz:
875 dəfə oxundu