Məktəblərdə iş qrafiki dəyişdirilir - hökumətə təkliflər göndərildi

Məktəblərdə iş qrafiki dəyişdirilir -


“Təhsil Nazirliyinin Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təklif etdiyi növbəti təklif Bakıdakı təhsil müəssisələrində iş qrafiki ilə bağlıdır. Öncədən qeyd edim ki, bu təkliflər yalnız Bakı şəhərində nəqliyyatın sıx olduğu ərazilərə və bu ərazilərdə yerləşən həm ali, həm orta təhsil müəssisələrinə aiddir”. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

Sektor müdiri bildirib ki, nəqliyyatın sıx olduğu ərazi sahələrindəki təhsil müəssisələrində iş qrafikinin dəyişməsi ilə bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflər verilib: “Bu qrafik saat 08.00-10.00 arasını əhatə edir. Qeyd edim ki, nəqliyyatın sıx olmadığı ərazilərdə yerləşən təhsil müəssisələrinin iş qrafiki elə olduğu kimi də qalacaq. Narahatlığa ehtiyac yoxdur. Yalnız nəqliyyat qovşağı çox gərginlik yaradan, mürəkkəb olan, Bakıda tıxacların yaranmasına səbəb olan ərazi sahələrində yerləşən təhsil müəssisələrinin iş qrafikinin müəyyən qədər dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə təklifimizi vermişik.

Bəzi ali məktəblərində iş qrafiki məsələn, saat 08.30-da başlayırdısa, bu 08.00-ə, bəzilərində əksinə 09.00-a keçirilməsi təklif olunub. Bu təklif təhsil müəssisələrinin miqyası, sıx ərazi sahəsindəki təhsil müəssisələrinin sayı nəzərə alınmaqla verilib. Belə deyək, Bakı Şəhəri İcra Hakimiyyəti və yaxud “İçərişəhər” stansiyasının ətrafında bir neçə həm ali, həm də orta təhsil müəssisəsi var. Bütün bunlar nəzərə alınmaqla, onların iş qrafiklərində müəyyən qədər diferenssiallaşma aparmışıq ki, işə gəlmə və işdən getmə məsələləri nəqliyyat sıxlığına gətirib çıxarmasın”.

S. Gözəlov qeyd edib ki, istər iş qrafikinin müəyyən qədər dəyişdirilməsi, istərsə də qapalı ərazi sahələrində nəqliyyat vasitələrinin saxlanması zamanı ən başlıcası təhsil alanların, şagirdlərin sağlamlığı və təhlükəsizliyi gözlənilib: “Eləcə də tələbələrimizin ali məktəblərin ərazilərində təhlükəsizliyi nəzərə alınmaqla bu təkliflər verilib. Yəni ali məktəbin həyətində, istənilən yerdə avtomobilin saxlanması təbii ki, yolverilməzdir. Çünki ali məktəbin həyətində tələbələr dərsdən çıxır, bir binadan o biri binaya gedir. Yəni parklanma qapalı ərazilərdə xüsusi ayrılmış yerlərdə avtomobillər üçün nəzərdə tutulub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...