Supermarketlərin qurduğu “tələ” – peşəkar marketoloqların ağıllı hiylələri

Supermarketlərin qurduğu “tələ” –

Hər gün üz tutduğumuz supermarketlərdə çoxlarımız belə bir halla rastlaşırıq ki, alış-verişə gedəndə nəzərdə tutduqlarımızdan daha çox şey alırıq. Supermarketlərin qurduğu “tələ” iradəmizdən asılı olmayaraq bizi daha çox alış-verişə cəlb edir. Bəs bu möcüzəli “tələ”nin sirri nədədir?

Təbii ki, bu, öncə marketoloqların peşəkarlığının və sözün yaxşı mənasında hiyləgərliklərinin nəticəsidir.

İlk növbədə supermarketlərin yaraşıqlı və zövqlə bəzədilən, rəngləri ilə göz oxşayan, fəsillərə uyğun, qışda isti, yayda sərin temperaturda olan satış zalları alıcının bu məkanda özünü rahat hiss etməsi üçün gözəl şərait yaradır. Digər tərəfdən isə satıcıların gülər üzü, verilən suallara yerli-yataqlı mehriban cavabları alış-verişə gələnlərin bir az da səxavətli olmasına, pul xərcləməsinə könüllü zəmin yaradır.

Supermarketlərdə müxtəlif aksiyaların keçirilməsi, endirimlər, rəngli, nəzərəçarpacaq lövhələrdə endirim qiymətlərinin əks olunması isə alver “ehtirasını” bir az da gücləndirir.

Əgər diqqət yetirmisinizsə gündəlik zəruri olan ərzaq məhsulları, məsələn çörək, yaxud süd məhsulları marketin cox da gözə görünməyən yerlərində olur. Belə ki, bu məhsulları vitrinlərdən götürmək üçün alıcı marketdə bir dövrə vurmalı olur. Alıcının “əli çörəyə çatana” kimi vitrinlərə zövqlə düşülmüş ərzaq məhsulları onun diqqətini cəlb edir və alınması həmin gün üçün nəzərdə tutulmamış ərzaqlar da qeyri-ixtiyari səbətə qoyulur.

Supermarketlərdə ət və ət məhsulları üstü şüşəli, adətən ağ rəngdə olan xüsusi işıqlandırılmlş soyuducu vitrinlərdə təqdim olunur. Burada ağ rəngin və işıqlandırmanın olması heç də təsadüfi deyil. Çünki belə vitrinlərdə ət məhsulları daha təzə və xoşagəlimli rəngdə görünür ki, bu da alıcının diqqətindən yayınmır.

Alıcıların daha çox alver etməsi üçün marketoloqlar mümkün olan bütün fəndlərdən istifadə edirlər. Məsələn, pivələr düzülmüş vitrinlərin yanında hisə verilmiş balıq, quru pendir, xırda duzlu suxarilər və s. qoyulur. Alıcı bunu marketoloqun hiyləsi kimi yox, öz istəyi kimi qəbul edir və təbii sayır ki, əgər pivə alırsa hökmən balıq və ya quru pendir də almalıdır. Yaxud başqa bir misal. Qablaşdırılmış peçenyae və bu kimi ərzaq məhsullarının yanına müxtəlif şirələr və limonadlar düzülür. Bu uyğunluqdan da alıcı yan keçə bilmir.

Bir çox supermarketlərdə ətirli və insan iştəhasına birbaşa təsir edən ərzaq məhsulları satış zalının giriş hissəsində olur. Xüsusilə işdən sonra alverə gələn insanların mexaniki olaraq diqqəti bu məhsullara hakim kəsilir. Yeməyə tələbatı olan və aclıq hissi keçirən alıcı sobadan yenicə çıxmış ətirli və isti bulkalardan, pirojnalardan vaz keçə bilmir.

Satış zallarında həmçinin meyvə və tərəvəzlər də ən gözəgəlimli yerdə təqdim olunur. Supermarketə gələn alıcının gözü meyvə-tərəvəzə sataşan kimi bu qida məhsullarının orqanizm üçün faydalarını yada salır və onlardan nə isə almağa qərar verir. Halbuki, həmin alıcı bu mənzərəni görməsəydi bu faydalar haqqında bəlkə də düşünməzdi.

Supermarketlərin qiymət siyasətində də diqqəti cəlb edən bir məqam var. Məsələn, 10 manat yuvarlaq vahid kimi alıcıya çox görünə bilər. Amma qiymət 9.99 olanda bu sanki qiymətin ucuz olması təəssüratını yaradır. Xüsusilə də 9 böyük 99 kiçik yazılanda bu fərq alıcıya bütöv 10 manatdan xeyli ucuz görünür. Bəlkə də belə qiymət siyasətinin başqa mənası da var. Amma hər halda alıcıya təsiri qeyd etdiyimiz kimidir.

Supermarketlərdə insanları daha çox alış-veriş etməyə sövq edən məsələlərdən biri də alıcıların ixtiyarına verilən arabalardır. Ticarət mərkəzlərində olan belə arabalar 1938-ci ildən peyda olub. Həmin dövrdən hazırkı vaxta qədər bu arabaların tutumu düz iki dəfə artırılıb. Bu arabaların həcmi 4-5 nəfərlik ailənin “istehlak səbəti”ndən çox böyükdür. Əgər alıcı alver zamanı bu arabanın yarısını doldurursa, ona elə gəlir ki, etdiyi bazarlıq yarımçıqdır, tam deyil. Bunun nəticəsində də nəyi isə almağı unutduğunu düşünən alıcı supermarketdə daha bir dövrə vurmağı lazım bilir. Əgər nəzərə alsaq ki, bir çox arabalarda körpə uşaqların gəzdirilməsi üçün də xüsusi yer düzəldilib, onda alıcı öz alverini daha arxayın edir.



Supermarketlərdə satışa qoyulan malların qarşısından tələsik keçməmək üçün isə daha bir “ağıllı” ideya düşünülüb. Alıcı istəsə də vitrinlərin qarşısından tələsik keçə bilməz. Çünki bir çox supermarketlərin satış zallarının döşəməsindəki daşların arasında məsamələr elə qoyulur ki, arabaların sürətli hərəkətlərinə maneçilik törədir və elə bunun nəticəsində də alıcı məcburi olaraq vitrinlərdə olan məhsullara daha çox diqqət yetirmək vaxtına və imkanına malik olur.

Arabasını dolduran alıcı ödəniş etdiyi zaman da supermarketin “cazibə” qüvvəsindən çıxa bilmir. Kassanın böyür-başında quraşdırılmış rəflərə o qədər xırda-xuruş düzülür ki, alıcı növbəsini gözləyərkən vaxtını bekar sərf etməmək üçün bu saysız-hesabsız çeşidlərdən seçim etməyə başlayır.

Nəhayət, supermarketi tərk edən alıcı evə catıb cibinə nəzər yetirəndə görür ki, həminki gün üçün xərcləməyi nəzərdə tutduğu puldan ikiqat artıq pul xərcləyib.

Budur supermarketlərin qurduğu “tələ” və “cazibə” qüvvəsi. Bu, dünyanın hər yerində belədir. Onlar öz işlərini görürlər. Siz də öz işinizi görün. Unutmayın ki, marketoloqların “qanun”undan çox-çox əvvəl Nyutonun “təsir əks təsirə bərabərdir” adlı bir qanunu da mövcuddur. Odur ki, yolunuzu supermarketlərdən salanda alacağınız məhsulların siyahısını əvvəlcədən hazırlayın.

İlham Cəmiloğlu, xüsusi olaraq Musavat.com üçün



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
877 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...