Eston bankları üzərindən “yuyulan” 1 trilyon avro! - AZƏRBAYCANIN PULLARI DA VAR...
Estoniyanın Mərkəzi Bankının məlumatlarına görə bu ölkədə biznes aparan və Danimarkanın “Danske Bank” bankı ilə birlikdə keçmiş sovet respublikalarından daxil olan pulların yuyulması qalmaqalına adı qarışan banklar üzərindən “dövr edən” pulların məbləği əslində 1 trilyon avrodan çoxdur. Bu, 2008-2017-ci illər ərzində həmin banklar üzərindən yuyulan pullardır.
Əhalisi cəmi 1.3 milyon nəfər olan bu kiçik ölkənin bankları üzərindən “yuyulan” 1 trilyon avrodan çox pullar arasında Azərbaycandan axıdılan pullar da var. Virtualaz.org xəbər verir ki, “Danske Bank”ın Estoniya filialı da daxil olmaqla bir neçə bankın Rusiya, Azərbaycan və Moldovadan olan qeyri-rezidentlər tərəfindən açılmış hesablar vasitəsilə təxmin edildiyindən daha çox vəsait yuduğu barədə bundan əvvəl “Bloomberg” agentliyi bildirmişdi.
Agentlik bildirirdi ki, 2008-2017-ci illərdə Estoniya qeyri-rezidentlərin transsərhəd tranzaksiyalarına 900 milyard avro yönəldib. Lakin daha sonra Mərkəzi Bank bildirib ki, “Bloomberg”in rəqəmi konkret olaraq qeyri-rezidentlərlə sövdələşməyə aid deyil, ölkədə və onun hüdudlarından kənarda olan bütün pul axınlarına, o cümlədən idxal-ixrac əməliyyatlarına, qiymətli kağızların alınmasına və cari maliyyə əməliyyatlarına aiddir. İdxal-ixrac əməliyyatlarını da nəzərə alanda eston bankları üzərindən dövr edilən pulların məbləği 1 trilyon avrodan yuxarıdır.
Çirkli pulların yuyulması üzrə Kopenhagendən olan ekspert Yakob Dedenrot Bernhoft deyib ki, bu təəcüblü rəqəmdir: “Rəqəm onu göstərir ki, “Danske Bank”ın işi tək belə iş deyil, problem digər banklarla da bağlıdır”.
Bu məlumatların yayılmasından sonra “Dansk Bank”ın səhmləri daha 3.3 faiz ucuzlaşıb. Pul yuma qalmaqalının başlamasından bəri bankın səhmləri 30 faizdən çox dəyərdən düşüb.
Bank özü ötən gün oktyabrın 4-də elan edib ki, ABŞ Ədliyyə Nazirliyi “Danske Bank”ın barəsində Estoniyadakı kiçik filialı üzərindən pulların yuyulmasına dair təhqiqat aparır. Bankın bəyanatında bildirilir ki, ABŞ Ədliyyə Nazirliyindən eston bölməsinin iştirakı ilə aparılmış maliyyə əməliyyatlarına dair istintaq barəsində sorğu daxil olub. “Danske Bank” bu məsələ barədə ABŞ tərəfi ilə əməkdaşlıq etdiklərini bildirib. \\Virtualaz.org\\
718 dəfə oxundu