Cahangir Hacıyevin arvadının 28.5 milyon dollar vəsaiti Azərbaycana qaytarılacaq?
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, 15 il həbs cəzasına məhkum edilmiş Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsinin müsadirə edilməsi çoxsaylı müzakirələrə səbəb olub. Britaniya məhkəməsinin qərarı qüvvəyə minəndən sonra malikanə müsadirə edilərsə, 28.5 milyon dolların taleyinin necə olacağı barədə müxtəlif fikirlər var.
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli “Yeni Müsavat”a bildirdi ki, məhkəmə qərarı tam məlum deyil: “Mətbuatdan öyrəndim ki, belə bir qərar verilib. Belə bir ifadə işlədirlər ki, müsadirə olunur. Müsadirə də dövlət xeyrinədir. Bu doğrudanmı belədir? Mülk kimə və ya hara qaytarılacaq? Bu sualların cavabı yoxdur. Məsələ bundan ibarətdir ki, qərar qanuni qüvvəyə minirsə, onun icrası orada göstərilən kimi icra olunur. Bir daha deyirəm ki, orada müsadirə məsələsi varsa, mütləq dövlətə qaytarılmalıdır. Qərarın şərtlərini hələ ki bilmirik. Əgər Britaniya ilə Azərbaycan qanunları ziddiyyət təşkil etməsə, hər iki ölkə arasında olan qarışıqlı hüquqi yardım haqqında sazişə əsasən burada problem olmayacaq, yəni məbləğ qaytarılacaq. Əksi olarsa, yəni qanunlar ziddiyyət təşkil edərsə, məbləğin qaytarılacağına inanmıram.
Müsadirədə torpaq mülkiyyətinin əcnəbiyə qaytarılması qadağan olunub. Amma İngiltərə qanunları ilə bu mümkündür. Burada ziddiyyətlərin olduğu açıq görünür. Belə olan halda İngiltərə Azərbaycan məhkəmələrinin qərarlarını icra etməyə borclu deyil. Çox təəssüf ki, qərarın tam mətni yayılmayıb. Bilsəydim dəqiqliyi ilə şərh verərdim. Amma istənilən halda qərarda göstərilənlər Britaniya və Azərbaycan qanunları ilə üst-üstə düşəcəksə, həmin məbləğ ölkəmizə veriləcək. Burada mübahisə predmeti var və həmin mübahisə predmeti də İngiltərədə yerləşir. Azərbaycan qanunlarında da ilk növbədə, həmin mübahisə predmetinin yerləşdiyi yerdə baxmaq və ya baxmamaq hallarının istisna qaydaları müəyyən edilib. Azərbaycanda da, Britaniyada da mübahisə predimetinə aid məhkəmə baxır. Mülk harada yerləşirsə, hökmən o mülkün yerləşdiyi məhkəmə baxmalıdır”.
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov belə məsələlərin hüquqi müstəvidə beynəlxalq qaydalarla tənzimləndiyini qeyd etdi: “Əgər qanunsuz yolla başqa bir dövlətin ərazisində əmlakın alınmasından söhbət gedirsə, demək, həmin vəsait Azərbaycanda mənimsənilən, oğurlanan pullardır. Təbii ki, iddia qaldıran tərəf Azərbaycandır, bunun üçün kifayət qədər əsaslarımız var. Çünki bu əsaslarla Cahangir Hacıyevin məhkəməsində sübutlar ortaya qoymuşuq. Azərbaycanda oğurlanan pulların sadəcə bir hissəsi İngiltərədə daşınmaz əmlaka yerləşdirilib. Əgər bu gün İngiltərə məhkəməsi qərar qəbul edib, bizim hüquqi müstəvidə haqlı olduğumuzu sübuta yetirirsə, deməli, həmin əmlakın müsadirə olunması baş verir, əmlak satışa çıxarılır, satışdan əldə olunan məbləğ geriyə, Azərbaycan xəzinəsinə qaytarılır. Ən doğru yol budur. Bunun məntiqi və hüquqi izahı bu qaydadadır. Biz əgər artıq məhkəməni udmuşuqsa, demək, haqqımızı sübut etməyi bacarmışıq. Bunu bacarmışıqsa, demək, mütləqdir ki, bu əmlak müsadirə edilib satılandan sonra onun satışından əldə olunan məbləğ ölkəmizə qaytarılmalıdır. Bizim iddiamız əsasında İngiltərə məhkəməsi əmlakın müsadirəsi barədə qərar çıxarırsa, demək, məbləğ bizə verilməlidir. Yolda müəyyən rüsumlar ödəniləcək, satışda və ya vəsaitin köçürülməsində. Onlar da cüzi məbləğlər olacaq.
Belə bir hadisənin, prosesin baş verməsinin özü bir örnəkdir. Yəni bu elə bir proses deyil ki, bəzi məmurlar pul vəsaitlərini ölkədən xaricə daşısınlar. Bu digər məmurlara, bu yolun yolçularına örnəkdir ki, belə yolla getməyin sonu budur, yəni oğurluq, dövlətinə, xalqına, prezidentinə xəyanət etmək olmaz. Əgər bu gün biz ölkəmizdə oğurlanan pul vəsaitlərinin taleyinin həllinə Avropanın üç əsas dövlətindən biri olan İngiltərədə nail oluruqsa, demək, hüquqi müstəvidə beynəlxalq aləmdə Azərbaycanın nüfuzu kifayət qədər böyükdür. Azərbaycan bu gün belə məsələlərin həllinə nail ola bilir. Açığı deyim ki, bu çox çətin bir məsələdir. İngiltərədə bu işi xeyrimizə həll etmək elə də asan deyil. Burada Cahangir Hacıyevin həbsdə olub-olmamasının heç bir önəmi yoxdur. Faktlarla sübut etmişik ki, bu pullar oğurlanıb, demək, əlavə nəsə deməyə lüzum yoxdur. Hamı yaxşı bilir ki, bütün bunlar Cahangir Hacıyevin səriştəsiz idarəçiliyi nəticəsində baş verdi. O, əlini stolun üstünə qoymalı idi ki, bu proseslər dayandırılsın. Amma tərsinə oldu. Proseslər getdikcə təhlükəli həddə çatdı. Nəticələr də göz qabağındadır. Milyardlarla məbləğin zərbəsi dövlətə, xalqa dəydi”.
“Yeni Müsavat”
805 dəfə oxundu