“O evlərin heç birində yaşayış olmamalıdır” – Abutalıbovdan XƏBƏRDARLIQ

“O evlərin heç birində yaşayış olmamalıdır” –

"Badamdar yolunun yuxarı hissəsində vəziyyət gərgindir. Belə ki, sürüşmə, demək olar, indi də davam edir".Modern.az xəbər verir ki, bunu sürüşmə zonasında olan Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

Onun sözlərinə görə, çirkab suları təəssüf ki, bura axıdılır: “Çox təəssüf edirəm ki, bu günə qədər Badamdar qəsəbəsində, demək olar, kanalizasiya sistemi yoxdur. Elə ona görə də dünən müvafiq qurumların rəhbərlikləri ilə müzakirələr apardıq və qərara gəldik ki, bu yuxarı hissədəki evlərin heç birində yaşayış olmamalıdır. Yolun aşağı hissəsindəki restoran və çayxana fəaliyyəti dayandırılıb, çünki bu obyektlər tamamilə sürüşmə zonasındadır”.

H.Abutalıbov həmin ərazidə yol hərəkətinin dayandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinə göstəriş verilib ki, sərnişin avtobuslarının hərəkətini tamamilə başqa istiqamətə yönəltsinlər: “Böyük yarğınlar əmələ gəlib, yarğanların dərinliyi 4 və 6 metrdir, su ilə doludur. Su ilə gil sürüşmənin əsas şərtidir. Biz əlimizdən gələni edirik və xüsusi nəzarətdə saxlayırıq ki, hər hansı bir fəlakət olmasın”.

Qeyd edək ki, hazırda Səbail rayonu, Badamdar şosesində (Badamdar - 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır. Sürüşmənin dinamikasında aktivlik davam edir.

Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...