Bakıda valyutadəyişmə məntəqələri açmaq istəmirlər - Şərtlər qat-qat ağırdır
“Valyutadəyişmə məntəqələrinin hələ də bərpa olunmamasının əsas səbəbi valyuta bazarlarında aktivliyin zəif olmasıdır”.
Bunu Modern.az-a iqtisadçı-ekspert Rəşad Həsənov söyləyib. O vurğulayıb ki, hazırda valyuta bazarlarında dövriyyə əhəmiyyətli dərəcədə kiçilib:
“Eyni zamanda, 2017-ci ilin fevral ayından etibarən etibarən sabit məzənnə rejiminin tətbiq edilməsi bazarlarda mənfəət normasını xeyli aşağı salıb. Banklar yüzdə bir, mində bir faizlərlə valyutanın alışı, satışı üçün marja müəyyənləşdirir. Bu isə get-gedə maliyyə cəlbetməsini aşağı salır.
Əvvəlki dövrlərlə müqayisədə valyutadəyişmə məntəqələrinin açılması üçün şərtlər qat-qat ağırdır. Fiziki və hüquqi şəxslər üçün xüsusi tələblər ortaya qoyulub. Bakıda valyutadəyişmə məntəqəsi açmaq üçün 100 min valyuta ekvivalentində depozit tələb olunur. Hər hansı subyektin bu qədər çox vəsaiti dövriyyədən kənar saxlaması, sözügedən sektora daxil olması üçün bu, yüksək məbləğdir. Üstəlik infrastrukturla bağlı tələblər də əlverişsizdir. Bütün bu şərtlərin fonunda valyuta bazarları heç cəlbedici deyil”.
R. Həsənov deyib ki, fiziki şəxslər valyutadəyişmə ilə məşğul olarsa, çox cüzi gəlir əldə edəcəklər. İqtisadçının fikrincə, bu dövriyyə heç valyutadəyişmə məntəqəsinin açılması üçün çəkilən xərcləri belə qarşılamayacaq:
“Nəzərə almaq lazımdır ki, valyutadəyişmə məntəqələrini açan subyektlər gəlir də əldə etməlidir. Amma qoyulan şərtlər çərçivəsində qazanc əldə edilməsi çox çətindir. Hesab edirəm ki, valyutadəyişmə məntəqələrinin açılması üçün müəyyən edilən şərtlər mütləq asanlaşdırılmalı, tələblərin sayı azaldılmalıdır. Ancaq bu təqdirdə, valyutadəyişmə məntəqələrinin bərpasına imkan yaranar.
Valyutadəyişmə məntəqələrinin bərpası prosesi başlandıqda bankların buna təşəbbüs göstərdiyi barədə məlumatlar səsləndirilirdi. Banklar isə hələ də bu təşəbbüsdə aktiv fazaya keçməyiblər. Çünki kommersiya bankları maliyyə sektorunda olduqlarından, valyutadəyişmə məntəqələri açmaqla gəlir əldə etməyəcəklərini bilirlər”.
716 dəfə oxundu