Neft birjalarında qırmızı xətt: sanksiyalar başladı - Qiymətlər necə olacaq?

Neft birjalarında qırmızı xətt: sanksiyalar başladı -

"ABŞ dövlət katibi Mayk Pompeo bu gündən qüvvəyə minəcək sanksiyaların ən sərt sanksiyalar olacağını bəyan edib. Amma buna baxmayaraq, bu gün dünya elektron birjalarına diqqət yetirsək, neftin bir barelinin qiyməti 72,46 dollar səviyyəsindədir və qiymət enməkdə davam edir”.

Bunu BakuPost-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Ekspert deyib ki, əvvəllər analitiklər, İran rəhbərliyinə sanksiyalarla əlaqədar noyabrın 5-dən neftin qiymətinin150 dollara qədər artacağı barədə proqnozlar veriblər: "Hətta "Bloomberg” agentliyi məlumat yayıb ki, noyabr ayında neftin bir barelinin qiyməti 100 dolları keçə bilər. Ancaq ötən dövr ərzində bunun əksi müşahidə olunub. Çünki bu ilin may ayında İrana qarşı ilk sanksiyalar tətbiq olunub və ötən 6 ay ərzində bazar İran amili ilə riskləri özündə ehtiva edib. Digər tərəfdən, noyabrın 2-də ABŞ dövlət katibi İran nefti ilə bağlı sanksiyaların 8 ölkəyə tətbiq olunmayacağını açıqlayıb. Bu da bazara çox müsbət təsir edib, qiymətlər enməkdədir. Ola bilər ki, bu gün və sabah qiymətlərdə müəyyən artım olsun. Çünki sanksiyaların qüvvəyə minməsi birjalarda qırmızı xətt kimi gedəcək və bu, öz təsirini göstərə bilər. Amma sonrakı günlərdə neftin qiyməti bazarda tələb-təklif əsasında formalaşmalıdır. Məsələn, həftənin çərşənbə günləri Bakı vaxtı ilə axşam saat 18.00 radələrində ABŞ-ın neft ehtiyatları ilə bağlı hesabat açıqlanır: Həmin ehtiyatlar dünya birjalarında neftin qiymətinə böyük təsir gücünə malikdir”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri yaxın və orta perspektivdə İran amilinə görə neftin qiymətinin kəskin artacağını gözləmir: "Artıq bir çox banklar, şirkətlər özlərinin ilkin proqnozlarını açıqlayıblar. Onlar cari illə müqayisədə gələn il neft qiymətlərinin artımını yox, azalacağını proqnozlaşdırıblar. Çünki bu il keçən illə müqayisədə neftin qiyməti 39 faiz artıb. Bu, çox böyük rəqəmdir, neft şirkətləri həddən artıq böyük mənfəətlər əldə edirlər. Bu şirkətlərdə yataqların işlənməsi üçün yetərincə vəsaitlər var, sənayeyə investisiyalar artır. Bu, gələn il də davam edəcək. Çünki maliyyə ili oktyabrda başlayır, qərarlar qəbul edirlər. Artıq sənaye lokomotivi hərəkət edir. Bazarda neft bolluğu gözlənilir. Çünki ötən ildən başlayan neft qiymətinin artımı şirkətlərə yeni yataqların kəşfiyyatı işlərini görmək imkanı verib. Bu da gələn il bəhrəsini verəcək və bazarda defisit olmayacaq. Əgər defisit olmayacaqsa, azad bazardırsa, neft qiyməti niyə artmalıdır?!”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
727 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...