Azərbaycanda gəmilərlə bağlı qadağalar qüvvəyə mindi - Bir-birini ötə, bu vaxtlarda isə üzə bilməzlər...

Azərbaycanda gəmilərlə bağlı qadağalar qüvvəyə mindi -

20 m/san-dən artıq küləkdə Səngəçal limanında gəmilərin üzməsi qadağan edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası "Səngəçal Dəniz Limanı üzrə məcburi Qaydalar”ı təsdiq edib. BakuPost-un məlumatına görə, Qaydalar noyabrın 7-dən qüvvəyə minib, liman akvatoriyasında gəmilərin təhlükəsiz hərəkəti, onların liman körpüsündə dayanması üzrə tələbləri müəyyən edir.

Liman akvatoriyasında və dəniz ərazisində gəmilərin hərəkətinin idarə olunmasını Dövlət Dəniz Agentliyinin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Gəmilərin Hərəkətini İdarəetmə Xidməti (GHİX) həyata keçirir. Qaydalara əsasən limana daxil olan gəmi limandan çıxan gəmilərə, idarə olunmayan və ya manevr imkanı məhdud olan, gəminin suya oturumu nəticəsində hərəkəti məhdudlaşan və işıq və işarələri qaldıran gəmilərə yol verməlidir. Əgər gəmilərin dar keçidləri eyni zamanda mümkün deyilsə və ya təhlükəlidirsə, bu zaman yol verməli olan gəmi digər gəmidən təhlükəsiz məsafədə duraraq onun keçidinə imkan yaratmalıdır.

Dar keçidlərdə xüsusi və ya dibdərinləşdirici işlərlə məşğul olan gəmilərdən sovuşmaq üçün sürət azaldılmalı və onlardan sərbəst keçid haqqında əvvəlcədən razılıq alınmalıdır. Razılıq alınmadığı təqdirdə, bu gəmilərdən sovuşmaq qəti qadağandır. Təhlükəli dalğanın yaranmaması məqsədilə kapitan aşağıdakı hallarda gəminin sürətini vaxtında azaltmalıdır:

- yedək karvanından və kiçikhəcmli gəmilərdən yan keçərkən;
- işlək vəziyyətdə olan üzən kranların, körpülərin, körpüyə yan almış gəmilərin yaxınlığından keçərkən;
- lövbərə dayanmış və ya saya oturmuş gəminin yaxınlığından keçərkən;
- sualtı, hidrotexniki və digər xüsusi təyinatlı işlər görülən yerlərdən keçərkən;
- dibdərinləşdirici işlərlə məşğul olan gəmilərin yaxınlığından keçərkən;
- körpüdə və ya lövbərdə dayanan gəmidə olan salların, pontonların və ya içərisində adam olan qayıqların yaxınlığından keçərkən.

Liman akvatoriyasında gəmilərin bir-birini ötməsi qadağan edilib. Gəmilərin limana girişi və çıxışı zamanı liman akvatoriyasında və kanalda hərəkət yalnız bir istiqamət üzrə həyata keçirilir. Aşağıdakı hallar istisna olmaqla, liman akvatoriyasında, limanın girişində və kanalda lövbərə dayanmaq qadağandır:

- hərəkəti davam etdirmək üçün açıq-aydın təhlükə olduqda;
- texniki nasazlıq nəticəsində gəmi dayandıqda;
- keçid digər gəmilər tərəfindən bağlandıqda.

Radiolokasiya stansiyası və ultraqısa dalğalı (UQD) rabitə avadanlığı ilə təchiz olunmayan və ya bu avadanlıqları nasaz olan gəmilərin məhdud görmə şəraitində və gecə vaxtı hərəkəti, istənilən istiqamətli küləyin sürəti 20 m/san-dən artıq olduğu hallarda gəmilərin liman akvatoriyasında üzməsi qadağandır. İstənilən istiqamətli küləyin sürəti 14 m/san-dək olduqda liman akvatoriyasında, limanın girişində və liman kanalında dəniz obyektlərinin yedəklənməsinə icazə verilir. Liman akvatoriyasında həyata keçirilən yedəkləmə əməliyyatları zamanı yedək burazının uzunluğu 50 metrdən artıq olmamalıdır.

Xarici dövlətin bayrağı altında üzən gəmilər körpülərə yanalma zamanı yedəkçi gəmilərdən istifadə etməlidir. Gəmiləri yanalma üçün təyin edilməmiş hər hansı bir qurğunun hissəsinə bağlamaq, iki və daha artıq gəminin eyni zamanda qonşu körpülərə yanalması və ya körpüdən aralanması qadağandır. Yanalma əməliyyatına kənar şəxslərin cəlb olunması və iki gəminin paralel bort-borta olduğu halda onların körpüyə yanalması da qadağan olunub.

Liman ərazisində və akvatoriyasında hər bir növ gəmi tullantılarının dənizə boşaldılması, gəmi tullantılarının yandırılması (inseneratorlarda), o cümlədən gəmi tullantılarını təhvil verməmiş gəmilərin limandan çıxışı da qadağalar sırasında yer alıb. Liman kapitanının icazəsi olmadan liman ərazisində və akvatoriyasında gəmi gövdəsinin rənglənməsi, liman ərazisində və akvatoriyasında neft məhsulları və ya yük qalıqları ilə çirkləndirilmiş suyun dənizə boşaldılmasına səbəb ola biləcək gəmi gövdəsinin və anbarların yuyulması, Yüksək tezlikli rejimli rabitə cihazlarının işi də liman ərazisində qadağan edilib. Limana daxil olan və ya limandan çıxan xarici dövlətin bayrağı altında üzən gəmilər bələdçi xidmətindən istifadə etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...