Kremldən regiona incə mesajlar - İrəvana qarşı “Yol xəritəsi”

Kremldən regiona incə mesajlar -

Rusiya və Ukrayna arasında SSRİ dağılandan sonra ilk dəfə birbaşa hərbi insident baş verib. Rusiyaya məxsus hərbi gəmilər Azov dənizində Ukrayna Silahlı Qüvvələrinin üç gəmisinə hücum edərək onları ələ keçirib. Moskva bu güc nümayişi ilə şübhə yox ki, postsovet məkanında hərbi cəhətcə daha da möhkəmlənmək istəyini açıq şəkildə büruzə verib.

Artıq sirr deyil ki, Rusiya hələ də SSRİ-nin çöküşü ilə barışmayıb. Bunun ən parlaq təzahürü Moskvanın öz sərhədləri boyu, “Yaxın xaric” saydığı postsovet ölkələrdə yaratdığı etnik-ərazi konfliktlərini hələ də çözmək istəməməsi, əksinə, lazım gələndə yenilərini (Krım, Donbas) yaratmasıdır. Beləcə, Rusiya de-fakto Ukraynada, Gürcüstanda (Abxaziya və Cənubi Osetiya), Ermənistanda (Gümrü və Erebuni hərbi bazaları), Moldovada (Denstryanı bölgə) və Azərbaycanda (Dağlıq Qarabağ) özünün hərbi mövcudluğunu saxlayır.

Sadalanan ölkələrdən yalnız işğalçı Ermənistanda Rusiya legitim (qanuni) hərbi kontingentə malikdir. Kreml isə çox istərdi ki, postsovet ölkələrinin hamısında öz hərbi-siyasi varlığını legitimləşdirsin. Demək, mövcud qanuni hərbi bazaların Moskva üçün önəmi artır - xüsusən də ABŞ-ın regionda fəallaşmaq səylərinin açıq-aşkar gücləndiyi vaxtda. Söhbət ilk növbədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ötən ay üç Cənubi Qafqaz ölkəsinə intriqalı səfərindən gedir.

*****

Məlumdur ki, Moskva bu səfərdən ciddi narahat olub. Ələlxüsus, Boltonun Ermənistan və Azərbaycana ABŞ silahı təklif eləməsi, ardınca baş nazir əvəzi Nikol Paşinyanın “bunu mümkün sayması”, bir neçə gün öncə xarici işlər naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Zoqrab Mnatsakanyan da erməni qəzetinə açıqlamasında belə imkanı istisna etməməsi Kremldə nəzərə alınmaya bilməz. “Ermənistan suveren dövlətdir və qərarları öz maraqlarına əsaslanaraq qəbul edir. Biz Ermənistanın təhlükəsizliyini möhkəmləndirəcək hər şeyi edəcəyik”, - deyə Zoqrab Mnatsakanyan bildirib.

Ancaq xarici sərhədlərini belə, rus hərbçilərin qoruduğu Ermənistanın nə dərəcədə müstəqil olduğu ortadadır. Bununla belə, faktdır ki, Qərbin dəstəyi ilə reallaşan 8 may “məxməri inqilabı”ndan sonra işğalçı ölkədə güclü anti-Rusiya isteriyası baş qaldırıb. Az öncə Paşinyanın həbsxanadan azad elədiyi və artıq siyasi partiyaya çevrilərək parlament seçkilərinə qatılmış “Sasna Tsrer” qruplaşmasından olan terrorçular isə ümumiyyətlə, Rusiyanı Ermənistandan qovmaq arzusunda olduqlarını gizlətmirlər. Onlar həmçinin Ermənistanın KTMT və Avrasiya Birliyindən çıxması, Rusiyanın hərbi bazalarının Ermənistandan çıxarılması istiqamətində açıq fəaliyyət göstərirlər.

Yeri gəlmişkən, siyasi müşahidəçilərə görə, “Sasna Tsrer” Ermənistanda növbədənkənar parlament seçkilərində tələb olunan baryeri aşmaq şansına malikdir. Bu baş verərsə, o zaman təzə parlamentdə əsas qüvvə qərbyönlü Paşinyan başda olmaqla, millətçi-terrorçu və qatı anti-Rusiya qüvvələrindən ibarət olacaq. Rusiya üçün ən pis sonluq olardı...

*****

Heç şübhə yox ki, Ermənistandakı seçkilərin istənilən nəticəsi üçün Rusiyanın öz əks-hərəkət planı, kontur-ssenarisi var. Buna “Yol xəritəsi” də demək mümkündür. Onların hamısının qayəsində yəqin ki, Ermənistanı iqtisadi cəhətcə “şok terapiya”ya məruz qoymaq durur. Təbii ki, İrəvana Qarabağ rıçaqı ilə təzyiqlər də istisna olunmur.

Belə görünür ki, seçkilərə sayılı günlər qalmış Moskva öz rıçaqlarını tədricən işə salmağa başlayıb. Cənubi Qafqaza ən yaxın regionda - Ukraynada Rusiyanın “əzələ nümayişi” bunun təzahürüdür. Bu güc nümayişi isə ən çox İrəvana ünvanlanıb, İrəvana xəbərdarlıqdır. Ermənistanda seçkilər yaxınlaşdıqca konkret olaraq, Paşinyan və komandasının “qazını” almaq üçün Kremlin başqa sərt addımlarının da şahidi ola bilərik.

Söz düşmüşkən, onlardan biri Ermənistana satılan Rusiya qazının gələn ildən bahalaşması ola bilər. Bəllidir ki, yeni müqavilənin imzalanması ərəfəsində Paşinyan hökuməti “Qazprom-Ermənistan” törəmə şirkətini korrupsiyada - böyük məbləğdə vergilərdən yayınmaqda ittiham edib. Şirkət ittihamı rədd edib. Bəzi təhlilçilərə görə, bu, həm də qiymətin qalxmasını əngəlləmək üçün Moskvanı şantaj eləmək cəhdidir. Lakin bu cəhd əks-effekt də verə bilər, Çünki Moskva xüsusən də Ermənistan kimi vassal ölkənin onunla bu cür davranışını çətin ki, həzm eləsin.

İstisna deyil ki, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı, “Kremlin tulası” ayaması daşıyan Bako Saakyanın bu günlərdə Moskvada peyda olması da Ermənistanın inqilabçı rəhbərliyinə, Dağlıq Qarabağda “rejimi dəyişmək istəyən” Paşinyan və “Sasna Tsrer”ə başqa bir mesajdır - hərçənd analitiklər fərqli rəylər də söyləyir.

Bundan əlavə, KTMT-nin 6 dekabr Sankt-Peterburq toplantısında Rusiyanın yeni baş katib məsələsində İrəvana növbəti sürprizi gözlənilir. Seçkiyə 3 gün qalmış Paşinyanın Peterburqdan əli ətəyindən uzun geri qayıdacağı ehtimalı böyükdür. Yəni daha bir incə ismarış İrəvana yəqin ki, Rusiyanın “ikinci paytaxtı”ndan veriləcək.

*****

Bu arada “Ermənistan taxıl blokadasına da salına bilər”.

Politoloq Əhəd Məmmədli axar-az-a belə deyib. Onun sözlərinə görə, bununla Kreml Paşinyan iqtidarına “incə” mesaj vermiş olar. Politoloq hesab edir ki, Ermənistanda seçkiyə az qalmış Kreml belə bir addımla İrəvana təzyiq göstərə bilər. “Bu təzyiq Paşinyana xəbərdarlıq, onu seçkilərdə məğlub etdirmək üçün Moskva tərəfindən əməliyyatın başlanılmasına start verilməsi kimi də dəyərləndirilə bilər”, - deyə o qeyd edib və əlavə edib ki, rusların Ermənistanda güclü olan “5-ci kolon”un əli ilə işğalçı ölkədə provakasiyalara, sabotajlara əl atmaq imkanları da istisna edilməməlidir.

Yada salaq ki, Cənubi Qafqaz Dəmiryolları QSC 2018-ci ilin 1 dekabrından etibarən müvəqqəti olaraq Qafqaz-Poti-Qafqaz istiqamətində bərə ilə daşımaları dayandıracaq. Eyni zamanda gələn yanvarından etibarən Gürcüstandan Ermənistana yerüstü vasitələrlə taxıl daşınması qadağan olunacaq...

Bir şey aydındır ki, Rusiya seçki öncəsi işğalçı ölkəyə qarşı əks-hərəkət taktikasını ciddi şəkildə cilalamağa başlayıb.
“Yeni Müsavat”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
902 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...