“Mən heç bir açıqlama və ya izahat verməmişəm” - Səfir Şahin Abdullayev də DANIŞDI

“Mən heç bir açıqlama və ya izahat verməmişəm” -

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə mətbuatında xüsusi tapşırıqlar üzrə səfir Elşad İskəndərov barəsində gedən məlumatları təkzib edib.

Açıqlamada qeyd olunur ki, Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hər hansı bir iclası keçirilməyib. Bu ilin 15 yanvar tarixində Ciddədə İƏT-in İqtisadi Sosial və Mədəni məsələlər üzrə İslam Komissiyasının iclası keçirilib və Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov həmin iclasda iştirak etməyib.

Bildirilir ki, sözügedən iclasda çoxsaylı məsələlər çərçivəsində İƏT Gənclər Forumu (İƏGF) haqqında layihəyə baxılıb. Sitat: “AR Prezidentinin təşəbbüsü ilə yaradılmış İƏGF-nin Avrasiya Regional Mərkəzinə ev sahibliyi edən Azərbaycan Mərkəzin gücləndirilmiş statusu və fəaliyyətlərini dəstəkləyən qətnamə layihəsi ilə çıxış edib. Azərbaycan suveren və müstəqil xarici siyasət aparır və öz maraqlarını bütün beynəlxalq təşkilatlarda müdafiə etmək hüququna malikdir və bunu edir. İclas nəticəsində məsələ ilə bağlı kompromis mətn və dil üzərində razılaşma nəticəsində sözügedən qətnamə layihəsi qəbul edilmişdir”.

Eyni zamanda bildirilir ki, həmin iclasda heç bir İƏT nümayəndəsi öz çıxışında hər hansı bir Azərbaycan diplomatının guya Türkiyənin onlara qarşı fəaliyyət aparması haqqında fikirlər səsləndirməyib: “Belə bir iddia olmadığı üçün Azərbaycan XİN tərəfindən də hər hansı bir araşdırmanın aparılması, onun nəticəsində guya bu məlumatın E.İskəndərov tərəfindən səsləndirilməsi haqqında mətbuatda gedən fikirlər tamamilə yanlışdır və həqiqəti əks etdirmir”.

XİN bildirir ki, E.İskəndərov uzun illər İƏGF-yə səmərəli şəkildə rəhbərlik edib: “Həmin müddətdə qurumun təşəbbüsü ilə Xocalı faciəsini ilk dəfə soyqırımı kimi qiymətləndirən İƏT qətnamələri qəbul edilib, İƏGF-in fəaliyyətləri nəticəsində Azərbaycanın İslam həmrəyliyinə, həmçinin qlobal mədəniyyətlər arası dialoqa dəstəyi beynəlxalq səviyyədə tərənnüm edilmişdir. Eyni zamanda, mərkəzi qardaş Türkiyədə yerləşən təşkilatın nüfuzunun artırılmasına nail olunmuşdur. Ötən il səlahiyyət müddətinin bitməsi ilə əlaqədar İƏGF Baş Assambleyasında E.İskəndərovun fəaliyyəti bütün üzv ölkələr tərəfindən təqdir edilib, həmçinin o, İƏGF-in yeni sədrliyinə Türkiyənin irəli sürdüyü namizədin seçilməsinə dəstək verib”.

“Mətbuatda məsələ ilə bağlı gedən yazılar həqiqəti əks etdirməyərək qərəzli xarakter daşıdığından Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə kölgə salır. Eyni zamanda, məlumatın dərhal erməni mətbuatında tirajlanması da müəyyən suallar yaradır. Mətbuatı bu sahədə həssas olmağa və Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı bir xələl gətirəcək yoxlanılmamış məlumatları verməkdən çəkinməyə çağırırıq", XİN-in məlumatında vurğulanıb.

Xatırladaq ki, fevralın 20-də Virtualaz.org saytı “Ensonhaber” adlı Türkiyə portalına istinadən xəbər verib ki, İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında yanvarın 15-də keçirilən və 56 üzv ölkənin səfirlərinin iştirak etdiyi toplantıda Türkiyə ilə Azərbaycan arasında dostluğa kölgə düşürən azərbaycanlı səfirin Türkiyəyə girişinə qadağa qoyulub.

İddia olunur ki, həmin toplantıda Körfəz ölkələrindən birinin səfiri söz alaraq Azərbaycan XİN-dən bir nəfər səlahiyyətli şəxsin onların Bakıdakı səfirliklərinə gedərək “Türkiyənin onlara tələ qurduğunu” bildirib. Səfir bununla bağlı Türkiyə tərəfindən izahat istəyib. Səfirin bu çıxışı ilə bağlı Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı səfiri Şahin Abdullayev açıqlama verib.

Açıqlamadan sonra məsələ ilə bağlı araşdırma aparan Azərbaycan rəsmi məqamları “XİN-in verdiyi yanıldıcı məlumata görə” işin bu nöqtəyə gəldiyini və həmin çıxışın geri alındığını bildiriblər.

Məsələ ilə bağlı Azərbaycanın Səudiyyə Ərəbistanında və İslam Əməkdaşlıq Təşkilatında səfiri Şahin Abdullayevlə danışdıq.

Səfir “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türkiyə mediasında yayılan məlumatlar həqiqəti əks etdirmir və o, toplantıda hər hansı açıqlama verməyib: “Qeyd olunan toplantı yanvarın 15-17-də Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının mərkəzi qərargahında keçirildi. Orada onlarla məsələyə baxıldı, biri də bu məsələ idi. O toplantıda hər hansı debat olmayıb, Azərbaycanla bağlı məsələ müzakirə olmayıb. Və kimsə də müzakirə açmayıb. Türkiyə mətbuatında yayılan xəbər reallığı əks etdirmir, mən heç bir açıqlama və ya izahat verməmişəm”.

Qeyd edək ki, Elşad İsgəndərov Azərbaycanın Dini məsələlər üzrə Dövlət Komitəsinin keçmiş sədridir. Bu vəzifədən 2014-cü ilin mayında uzaqlaşdırılandan sonra İƏT-in gənclər strukturunun-Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri seçilib. 2018-ci ilin oktyabrında onun həmin vəzifədə səlahiyyət müddəti başa çatıb və İsgəndərov XİN-də Xüsusi Tapşırıqlar üzrə Səfir vəzifəsinə keçirilib.

Ancaq Türkiyədən qayıtdıqdan sonra mediada onun barəsində məlumatın yayılması maraq doğurur. Xatırladaq ki, oktyabrda sədrlik Azərbaycandan Türkiyəyə keçərkən İƏT GF toplantısında ərəb ölkələri ilə Türkiyə fikir ayrılığı yaranmışdı və bu zaman Azərbaycanın müdaxiləsindən sonra Türkiyə sədrliyi ala bilmişdi. İndi isə məlum xəbərin Türkiyə mediasında hansısa adı çəkilməyən ərəb ölkəsi səfiri adından yayılması maraq doğurur. Mövzunun diqqətdə saxlayacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...