Xalqa Prezident hədiyyəsi: Çox mürəkkəb məsələ həllini tapır – TƏHLİL

 Xalqa Prezident hədiyyəsi:

Dövlət başçımızın fevralın 25-də keçirdiyi iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə illərlədir hökm sürən və çox ağır məsələ sayılan problemli kreditlər probleminin tezliklə çözüləcəyinin anons edilməsi mühüm hadisə oldu. Prezidentin özü də qeyd etmişkən, bu məsələ neçə vaxtdır ki, müzakirə olunur və keçən ildən başlayaraq, hökumətə müvafiq göstərişlər verildiyindən, çox fəal iş aparılır və təkliflər paketi hazırlanırmış.

Prezident də xatırlatdı ki, bu, sadə məsələ deyil. Problemin həllinə ehtiyatla yanaşmaq gərəkdir. Belə ki, məsələni təkcə pul ayırmaqla həll etmək düzgün və mümkün də deyil. Dövlət indiyədək çoxdan tələb olunan məbləğdə vəsaiti ayıraraq, problemi həll edə bilərdi. Lakin iqtisadiyyatın öz qanunları və ortada məsuliyyət, cavabdehlik məsələləri mövcuddur.

Keçən il Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edərkən bu sahədə borcu olanlarda ciddi narazılıq yarandı. Amma həmin qərar məntiqə əsaslanırdı. Bəli, düzdür: əhalinin də narazılığında məntiq var. Ancaq bankların tələbində həqiqət... Odur ki, sual yaranırdı: bəs onda səhv və yaxud günah kimdə hesab edilməlidir?!

Konstitutsiya Məhkəməsi sözügedən qərarında deməzdim ki, bankların tərəfini tutmuşdu. Burada sadəcə olaraq, məntiq əsas götürülmüşdü. Belə ki, borca girən tərəf istənilən halda risk altına daxil olur. Çünki devalvasiya normal iqtisadiyyatı olan ölkələrdə adi prosesdir. Və davamlı olaraq baş verir. Maliyyə bazarında da hər bir iştirakçı bunu nəzərə alaraq işini qurur və fəaliyyət göstərir. Yeri gəlmişkən, bəzi ekspertlər qeyd edirlər ki, bu məsələ 2015-2016-cı illərdə həll olunmalı idi. Ona görə ki, devalvasiyaya görə əhali və vətəndaşlar heç bir məsuliyyət daşımırdılar və guya bu, hökumətin və dövlətin günahı sayılırdı.

Təkrar edirəm, normal iqtisadiyyatı olan ölkələrdə devalvasiya adi prosesdir və mərhələlərlə daimi olaraq baş verir. Məsələ bundadır ki, bizdə neftə görə, o cümlədən, valyuta bazarımız sərbəst tənzimlənmədiyindən, uzun müddət idi, bu, baş vermirdi. Ancaq bu, o demək deyildi ki, heç vaxt baş verməyəcək. Əslində, banklar özləri də vaxtilə riskə gediblər. Yəni, istənilən halda devalvasiya baş verə biləcəyini nəzərə almayaraq, dollar ilə kredit vəsaitlərini necə gəldi paylayıblar.

Problemli kreditlərin artan dinamika üzrə inkişaf etməsində dollarla verilən kreditlər hələ devalvasiyalardan qabaq mühüm rol oynayırdı. Lakin, manatın məzənnəsinin 0,78 qəpikdən 1,70 azn-ə qədər dəyişməsi vəziyyəti lap, qəlizləşdirdi. Sual yaranır ki, bəs, nə etmək lazım idi? Konstitusiya Məhkəməsi sözünü dedi. Bəs, çıxış yolu nədə idi? Təbii ki, bu cür situasiyada hökumət məsələyə mütləq müdaxilə etməli idi. Yəni, həm bankların tələbi, həm də əhalinin narazılığı nəzərə alınmalı idi. Bundan başqa çıxış yolu yox idi.

Məsələ bundadır ki, nə banklar, nə iş adamları, nə də ki, əhali bu kreditlərin ödənilməsi, yaxud, bağlanması işinin öhdəsindən təkbaşına gələ bilməzdilər. Odur ki, bu məsələnin həllində dövlətin köməyi tələb olunurdu. Ancaq dövlətin də bu qədər vəsaiti bütövlükdə üzərinə götürməsi düzgün deyil və qeyri-mümkün sayılırdı, sayılmaqda da davam edir. Odur ki, problemin həlli məsuliyyəti 3 tərəf arasında bölüşdürülməli kimi görünürdü.

Yeri gəlmişkən, bu məqsədlə ABB-nin təcrübəsindən istifadə edilə bilər və edilməlidir də... Bunun üçün də hökumət tərəfindən kompleks tədbirlər planı işlənib hazırlanmalı və bütün banklar restrukturizasiya olunmalı, problemli kreditlərin bağlanması üçün məsuliyyət əhali, Mərkəzi Bank (AMB) və kommersiya bankları arasında müəyyən nisbət altında bölüşdürülməli və yaxud paylanmalıdır.

Məsələn, AMB kreditlərin mühüm bir hissəsini əhali adından banklara ödəyə bilər. Bunun üçün Dövlət Neft Fondunun vəsaitlərindən istifadə effektiv görünür. Əslində, ən əlverişli mənbə də elə Neft Fondu sayılırr. Bu halda əhaliyə ödəniş üçün daha uzunmüddətli dövr müəyyənləşdirmək imkanı yaranar. Çünki bankların hazırkı vəziyyəti uzunmüddətli dövr üçün ödənişləri gözləməyə imkan vermir, dövlətin isə buna hər cür imkanı var. Yəni, dünya bazarında neftin qiyməti artır, iqtisadiyyat böhrandan çıxmağa başlayır.

Odur ki, indi sözügedən problemi qeyd etdiyim yolla həll etmək olduqca əlverişli hesab edilir. Belə ki, neftin dünya bazar qiymətləri ilə əlaqədar ölkənin valyuta gəlirləri qənaətbəxş sayılır. Üstəlik, hökumət qeyri-neft sektorunun inkişafı üçün çalışır. Bu isə bank sektoru tərəfindən kredit qoyuluşunun artmasını tələb edir. Yəni, neft gəlirlərini bu məqsədə yönəltməyin bundan üstün vasitəsi yoxdur.

O zaman, nəyi gözləyirik? Məhkəmə sözünü keçən il dedisə, əhali borcu ödəmək iqtidarında deyilsə, banklar isə gözləyə bilmirlərsə, deməli, məsələnin həlli həqiqətən də hökumətdən asılıdır. Özü də bu işdə həqiqətən daha gecikmək olmaz.

Dövlət başçısı müşavirədə qeyd etdi ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. "Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək",- deyə Preziden bildirdi...

Bir daha qeyd edirəm ki, qeyd olunan məsələnin həllində pul vəsaitinin ayrılması əsas şərt hesab edilmir. Dövlətin buna faktiki böyük imkanları var. Lakin vəziyyət düşünülmüş addım atmağı, hərəkət etməyi tələb edir. Hökumətin hazırladığı planın detalları hələ ki, bəlli deyil. Əsas odur ki, dövlətimiz bu məsələnin də həllində əhalinin tərəfindən çıxış edəcək. Yəqin olan məhz, budur. Bu məsələnin həllinə maksimum 2 milyard manata yaxın vəsait tələb oluna bilər. Amma söhbət, yenə deyirəm, pulda deyil axı...

Pərviz Heydərov
Azvision.az üçün


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...