Nəsib Piriyev Beynəlxalq Banka borcunu inkar etdi və hədələdi

Nəsib Piriyev Beynəlxalq Banka borcunu inkar etdi və hədələdi


Oliqarx Nizami Piriyevin oğlu, PNN Group şirkətinin rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən Nəsib Piriyev Londondan bəyanat yayaraq Beynəlxalq Banka hər hansı kredit borcunun olduğunu inkar edib. Virtualaz.org saytı xəbər verir ki, oliqarxın oğlu üstəlik onun barəsində “yalan məlumat yayan” hər kəsi məhkəmə ilə hədələyib. Nəsib Piriyevin bəyanatı ödənişli press-relizlər yaymaqla ixtisaslaşan “PR Newswire” agentliyi tərəfindən tirajlanıb. Orada deyilir ki, Nəsib Piriyev onun barəsində son günlər Azərbaycanda yayılmış bəzi məlumatlara aydınlıq gətirmək istəyir.

“Onun adının Azərbaycan hakimiyyəti tərəfindən İnterpolun axtarış siyahısına verilməsinə baxmayaraq Nəsib Piriyev ədalət məhkəməsindən qaçıb gizlənməyib və hazırda bu əsassız qərarın ləğv edilməsi üçün vəkilləri ilə işləyir”- deyə açıqlamada bildirilir. Bəyanatda deyilir ki, hazırda Londonda ailəsi ilə birlikdə olan cənab Piriyev ona qarşı irəli sürülmüş ittihamların tamamilə əsassız olduğunu bildirir: “Nə Piriyevin, nə ona məxsus olan hər hansı şirkətin Azərbaycan Beynəlxalq Bankına hər hansı kredit borcu yoxdur”.
Nəsib Piriyev Beynəlxalq Banka borcunu inkar etdi və hədələdi

Əlavə olunur ki, Piriyev bu hadisələr barədə Avropa, ABŞ, Rusiya və Çindəki tərəfdaş-şirkətlərinə məktub yazaraq məlumatlandırıb. Bundan əlavə Piriyev bütün maraqlı tərəflərin nəzərinə çatdırmaq istəyir ki, yalan ittihamlar yaymaqla və ya zərərli məqalələr dərc etməklə onun imicinə zərbə vurmağa çalışan istənilən şəxsə qarşı hüquqi addımlar atmaq haqqını özündə saxlayır. Virtualaz.org saytı bir neçə gün əvvəl məlumat yaymışdı ki, “PNN Group” və “Azerbaijan Consulting Company” şirkətlərinin sahibi Nəsib Piriyev Beynəlxalq Banka olan kredit borcuna görə beynəlxalq axtarışa verilib. Vəkil Kamandar Nəsibovun bildirdiyinə görə, istintaq Nəsib Piriyevi “Azerbaijan Consulting Company” şirkətinin adına Beynəlxalq Bankdan 170 milyon dollar kredit götürməkdə və geri qaytarmamaqda ittiham edir. Hüquq-mühafizə orqanları isə rəsmi açıqlama ilə çıxış edərək bildirdilər ki, Nəsib Piriyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarışa verilib. O, dəfələrlə istintaqa çağırılsa da gəlməyib.

Bu iş üzrə həmin şirkətin icraçı direktoru Kənan Yavuz bir neçə aydır həbsdədir. İnterpolun saytında Nəsib Piriyevin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verildiyinə dair məlumat yerləşdirilib. Nəsib Piriyev bir müddət əvvəl həbs edilən və daha sonra azadlığa buraxılan iş adamı Nizami Piriyevin oğludur. Nizami Piriyev bir neçə ay əvvəl “AzMeCo” metanol zavodunun tikintisi üçün aldığı krediti mənimsəmək ittihamı ilə həbs olunub, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 653 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...