Əli Məsimli: “Azərbaycanda devalvasiya olmayacaq”

Əli Məsimli: “Azərbaycanda devalvasiya olmayacaq”


Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı-deputat Əli Məsimli bildirib.

Onun sözlərinə görə, tədiyyə balansında devalvasiya üçün mənfi tendensiyalar ciddi əsasdır. Neftin qiymətinin indiki səviyyəsində tədiyyə balansı müsbət olaraq davam edəcək. Tədiyyə balansı müsbətdirsə, devalvasiya üçün əsas amil aradan qalxır. Əgər neftin qiyməti 2008-ci ilin avqustundan etibarən 147 dollardan başlayaraq 33-35 dollara düşdüyü situasiya təkrarlanarsa, yəni neftin qiyməti xeyli müddət 33-35 dollar təşkil edərsə, o zaman bunun mənfi təsiri ola bilər. Bilirsiniz ki, 2008-ci ildə neftin qiyməti qısa müddətdə 33-35 dollar təşkil etdiyinə görə Azərbaycanın milli manatına ciddi təsir göstərə bilmədi. O zaman Azərbaycan hökumətinin, xüsusilə də Maliyyə Nazirliyi və Mərkəzi bankın gördüyü tədbirlər nəticəsində bunun qarşısı alınmışdı. Ancaq indi neftin qiymətinin aşağı səviyyədə olması həmin dövrlə müqayisədə çox uzun müddəti əhatə edir. Əgər neftin qiyməti indiki səviyyədə qalsa, o zaman Azərbaycanın tədiyyə balansının müsbət saldosu da özünü saxlamaqla devalvasiya üçün heç bir əsas olmayacaq”.

Ə.Məsimli qeyd edib ki, son vaxtlar rus rublunun təsiri güclənib: “Bu gün Qazaxıstan valyutası Azərbaycan manatına birbaşa təsir göstərmir, ancaq rus rubluna təsir göstərir. Təbii ki, bu da manatın devalvasiyasına təsir edə bilən amillərdən biridir. Ancaq tənzimləmə sistemində ciddi səhv gözləmirəm. Eyni zamanda bir neçə müddət əvvəl yaranmış ajiotajın aradan qaldırılması istiqamətində Mərkəzi Bank tərəfindən atılan addımlar bir daha onu göstərdi ki, təcrübə kifayət qədər var. Belə hallar baş verən zaman həmin ajiotaj və şayiələrin qarşısını almaq üçün vaxtında lazımi tədbirlər görülə bilər. Bu cür yanaşanda Azərbaycan manatının devalvasiyası üçün heç bir əsas qalmır".

Deputat bildirib ki, 21 fevraldan sonra manatın kursu neftin qiyməti, dolların qlobal kursu, daxili və xarici amillərə görə həssas olub. “Bu il proqnozlaşdırmaq mümkündür ki, əgər tədiyyə balansı müsbət olacaqsa, o zaman devalvasiyaya yer yoxdur. Ancaq xarici amilləri tam proqnozlaşdırmaq mümkün deyil. Çünki dünya dağılır. Nəinki ilin sonunda, hətta dünyada sabah nə baş verəcəyini heç kəs dəqiq bilmir. Bütün tarix kitabları yazır ki, 1929-1933-cü illərin böhranları 1933-cü ildə bitib. Amma dərin təhlil aparılsa, 1929-cü ilin böhranı 1933-cü ildə bitmədiyi üçün faşizm önə çıxıb. Bununla da müxtəlif manipulyasiyalar olub, İkinci Dünya müharibəsi başlayıb, bəşəriyyət xeyli geri düşüb və Avropa kimi qədim qitə darmadağın olub. İndi də deyirlər ki, guya 2008-ci ilin böhranı aradan qalxıb. Ancaq mən hesab edirəm ki, 2008-ci ilin böhranı tam aradan qalxmayıb. İndi Üçüncü Dünya müharibəsi əvəzinə böyük xaoslar yaradırlar. Bu xaosların da hansı nəticəni verəcəyini və yenə də bəşəriyyəti on illərlə geri atacağını hələlik dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bu mənada yanaşanda isə bizdən asılı olmayan səbəblər bütün ölkələrdə xeyli dərəcədə təsirini göstərir.

Təbii ki, bu təsirlər Azərbaycana da gəlib çatacaq. Ancaq faktiki odur ki, Azərbaycanın iqtisadi artım tempi dünyanın iqtisadi artım tempindən 2 dəfə, MDB-nin iqtisadi artım tempindən isə 2,7 dəfə yüksəkdir. Eyni zamanda Azərbaycanın normativ valyuta ehtiyatları səviyyəsindən qat-qat yüksəkdir. Bu isə o deməkdir ki, Azərbaycan böhranlı dövrlərdə manevr etmək üçün təhlükəsizlik yastığına malikdir. Bütün bu amilləri nəzərə alaraq, demək olar ki, manatın devalvasiyası üçün daxili amilin təsiri yoxdur. Xarici amilləri isə proqnozlaşdırmaq mümkün deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 193 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...