YAP-dan müxalifətin seçkini boykot etməsi məsələsinə - Reaksiya
“Kimin iştirak edib-etməməsindən asılı olmayaraq seçki keçiriləcək”.
Avropa.info xəbər verir ki, bu sözləri aznews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov müxalifətin seçkiləri boykot etməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. Bildirib ki, əgər bir dairədən bir və ya iki namizəd varsa seçki baş tutmuş hesab olunur: “Kim istəyir seçkidə iştirak etsin, kim istəmirsə etməsin. Burada elə bir problem yoxdur. Kimliyindən asılı olmayaraq əgər alternativlik varsa bu, seçkidir. Qanunda da göstərilib ki, alternativlik nəticəsində seçki keçirilir. Yəni dairədən iki nəfər namizəd varsa, orada seçki baş tutmuş hesab olunur. Ona görə də kimin iştirak edib-etməməyi seçkilərə nə xələl gətirir, nə də onun demokratikliyinə və azad, şəffav seçiminə hər hansı problem yaradır”.
Müxalif yönlü partiyaların namizədlərinin qeydə alınmaması məsələsinə münasibət bildirən Siyavuş Novruzov deyilənlərin yalan olduğunu bildirib: “Elə bir şey yoxdur. Əgər belə hallar varsa Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etsinlər”.
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyası (ADP) noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməkdən imtina edib. “Azadlıq – 2015” bloku isə parlament seçkilərini boykot edib və digər müxalifət partiyalarını da onları dəstəkləməyə çağırıb. Həmin partiyaların da seçkini boykot etməsi ehtimal var.
936 dəfə oxundu