"SOCAR beynəlxalq bazarlarda iştirak payını genişləndirməkdə maraqlıdır"

"SOCAR beynəlxalq bazarlarda iştirak payını genişləndirməkdə maraqlıdır"


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq bazarlarda iştirak payını və coğrafiyasını genişləndirməkdə maraqlıdır. "Report" xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin Neftçilər günü münasibətilə "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.
R.Abdullayev bildirib ki, əgər 10 il əvvəl Aralıq dənizi bazarı hüdudlarından kənarda satılan Azərbaycan neftinin payı cəmi 10-15% təşkil edirdisə, indi bu göstərici 45%-ə yüksəlib.

Onun qeyd etdiyinə görə, ötən il Asiya bazarına təchiz olunan Azərbaycan nefti SOCAR-ın ümumi ixrac həcmlərinin 24%-ni təşkil edib.
O xatırladıb ki, hazırda "SOCAR" brendi ilə İsveçrədə 150, Ukraynada 50, Rumıniyada 32 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir, Gürcüstanın regional qaz təchizatının 95, neft məhsullarının pərakəndə satış bazarının isə 25%-ni SOCAR təmin edir, “SOCAR” brendi ilə qonşu ölkədə 115 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir və burada şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur.

"SOCAR-ın İsveçrədə öz treydinq şirkətini yaratması enerji strategiyamız çərçivəsində uğurla həyata keçirdiyimiz iri neft-qaz layihələrində Azərbaycanın payına düşən xam neft hasilatının əhəmiyyətli dərəcədə artmasından, həmin həcmlərin səmərəli şərtlərlə satışının təşkil olunması zərurətindən irəli gəlib və qabaqcıl beynəlxalq neft şirkətlərinin təcrübəsinə uyğundur. 2008-ci ildən Cenevrədə effektiv fəaliyyət göstərən “SOCAR Trading SA” əsas etibarilə dünyanın tanınmış neft şirkətlərinə və emal müəssisələrinə Azərbaycan mənşəli xam neftin satışı ilə məşğul olur. Neftimiz bu illərdə Şimali Amerika, Asiya və Avstraliya regionları daxil olmaqla bir sıra qeyri-ənənəvi istehlak bazarlarına təchiz edilib", - deyə məqalədə vurğulanıb.
"Treydinq fəaliyyətilə məşğul olan digər iri neft şirkətləri kimi, biz də üçüncü tərəfə məxsus neft və neft məhsullarının ticarətini həyata keçiririk. “SOCAR Trading SA” şirkətinin ümumi ticarət fəaliyyətinin 40%-dən çoxunu digər ölkə və istehsalçılara məxsus xam neft və neft məhsulları təşkil edir. Fəaliyyət sahəsini genişləndirən treydinq şirkətimiz Dubay, Sinqapur və Londonda ofislər, İstanbul, Qahirə, Laqos və Monakoda nümayəndəliklər təsis edib. “SOCAR Trading SA” BƏƏ-də yerləşən Fuceyra limanında həcmi 641 min kubmetr olan neft məhsulları terminalının inşası layihəsini həyata keçirir ki, bu da mühüm enerji bazarlarından olan Yaxın Şərq və Şərqi Afrika regionunda fəaliyyəti gücləndirmək məqsədi daşıyır", - deyə R.Abdullayev qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 131 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...