Avropa İttifaqının səfiri: “Azərbaycanın strateji əməkdaşlığa dair təkliflərini gözləyirik”
“Bildiyimiz ki, Avropa İttifaqının komissarı Yohannes Han Avropa qonşuluq siyasətinə cavabdeh olan şəxsdir. Bu baxımdan da Riqa sammiti olduqca mühüm əhəmiyyət kəsb edəcək. Komissar Hanın da dediyi kimi, əsas məsələ fərqləndirmədir. Aydındır ki, biz “Şərq Tərəfdaşlığı” proqramına daxil olan altı ölkənin hər biri ilə münasibətlərimizi fərqləndirməliyik. Bu da həmin ölkələrin iddialarından və Avropa İttifaqı ilə işləmək arzularından irəli gəlir. Altı tərəfdaşın Riqada fikirlərini öyrənmək çox maraqlı olacaq”.
Bu sözləri APA-ya açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Rəsmi Bakının Avropa İttifaqı ilə assosiativ saziş əvəzinə strateji tərəfdaşlıq sazişi imzalamaq istəyini şərh edən M. Mard bildirib ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı genişləndirməkdə olduqca maraqlıdır: “Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə ikitərəfli strateji əməkdaşlıq sazişi imzalayıb. Onu da qeyd edim ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlıq sazişi də imzalanıb. Bu əsasda biz Azərbaycanın strateji əməkdaşlığa dair təkliflərini gözləyirik. Biz bu təklifə nəzər salmalıyıq. Əsas odur ki, hər iki tərəf anlayır ki, ikitərəfli əməkdaşlıq genişləndirilmədir. Məsələn, iqtisadi-ticari əlaqələrdə əməkdaşlığımızı genişləndirə bilərik. Bildiyiniz kimi, biz viza rejiminin yüngülləşdirilməsi və readmissiya haqqında saziş imzalamışıq. Avropadan Azərbaycana və əks-istiqamətdə səfərlərin sayı xeyli artıb”.
Riqa sammitində hər hansı sənədin imzalanmasının nəzərdə tutulub-tutulmadığı haqda suala M. Mard belə cavab verib: “Bildiyiniz kimi, Avropa İttifaqının hər sammitində birgə bəyanat imzalanır. Hazırda Riqa sammiti ilə bağlı da həmin işlər görülür. Bu sammitdə göstəriləcək ki, “Şərq tərəfdaşlığı”na üzv olan altı ölkə ilə işləməkdə potensial var”.
Diplomat sammitdə Azərbaycan və Ermənistan rəsmilərinin görüşəcəyi barədə hər hansı məlumata malik olmadığını söyləyib: “Bununla bağlı gərək Azərbaycan tərəfinə müraciət edəsiniz. Ancaq biz Avropa İttifaqı olaraq Azərbaycanla Ermənistan rəsmiləri arasında görüşlərin keçirilməsinə pozitiv baxırıq”.
Qeyd edək ki, Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Avropa İttifaqı ilə sıx əlaqə qurmaq istəməyən “Şərq Tərəfdaşlığı” ölkələri ilə yeni formatda əməkdaşlıq barədə düşünməyin zəruriliyini vurğulayıb.
1 466 dəfə oxundu