MTN generalı Ali Məhkəməyə müraciət edib

MTN generalı Ali Məhkəməyə müraciət edib
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində olan idarə rəisi işləmiş Elcan Abdullayevlə bağlı qərarlardan kassasiya şikayəti verilib.

APA xəbər verir ki, Ali Məhkəməyə daxil olan şikayətdə təqsirləndirilən şəxslər barəsində bəraət qərarı çıxarılması xahiş olunub.

İş hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov, qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Nizami Şirinov Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Nəzirov 4 il müddətinə azadlıqdan mərhum edilib. Elman Tahirov barəsində olan cinayətə cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib. Həmçinin Nizami Şirinovun general rütbəsinin alınması üçün təqdimat göndərilməsi barədə qərar qəbul edilib.

Sonradan Bakı Apellyasiya Məhkəməsi qərarı cəza hissəsində dəyişdirib.

Nizami Şirinovun cəzası 6 ilə, Elcan Abdullayevin cəzası 5 ilə endirilib.

Nadir Nəzirovun cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilərək məhkəmə zalından birbaşa azadlığa buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...