Şuşaya tur təşkil etmək adı ilə insanları aldatdı - VİDEO

Şuşaya tur təşkil etmək adı ilə insanları aldatdı -
Sosial şəbəkələrdə kredit verəcəyi və Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək insanları aldadan şəxs saxlanılıb.

Bu barədə GUNDEMİNFO.AZ -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Nazirliyə naməlum şəxsin “instagram” sosial şəbəkəsində vətəndaşlara müxtəlif şirnikləndirici vədlər verərək dələduzluq yolu ilə onları aldatdığı barədə çoxsaylı şikayətlər daxil olub.

Həmin məlumatlar əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd əməlləri törədən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Mustafayev saxlanılıb.

Ətrafında keçirilən tədbirlərlə müəyyən edilib ki, Rüfət Mustafayev son bir neçə ay ərazində “instagram” sosial şəbəkəsində “kredit evi”, “faize.pull2022” və digər adlarda səhifələr yaradaraq kredit verəcəyi, eləcə də Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək 120 fakt üzrə vətəndaşlara qarşı dələduzluq edib. Bu və digər üsullarla o, zərərçəkənlərin 30 min manata yaxın pulunu ələ keçirib.

Araşdırma zamanı Rüfət Mustafayevin bəzi faktlar üzrə zərərçəkənlərin bank kartlarında olan məlumatları ələ keçirməklə hesablarda olan pul vəsaitlərini oğurladığı da müəyyən edilib. Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məlumatda qeyd edilib ki, Rüfət Mustafayevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

"Sonda bir daha vətəndaşlar sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşan zaman maksimum dərəcədə diqqətli olmağa, əmin olmadıqları səhifələrə əvvəlcədən ödəniş etməməyə çağırırıq", - məlumatda vurğulanıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...