Deputat oğlunun adı keçən dələduzluq işində nazirlik əməkdaşı ifadə verdi
Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Zərərçəkmişlərdən biri deputat oğludur.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası hakim Rahib Salmanovun sədrliyi ilə davam etdirilib.
Hakim məhkəmə prosesində şahid qismində Anar Surxayzadə ifadə verib.
Şahid Elnuru öz dostu Anar Babayev vasitəsi ilə tanıdığını deyib. O, bildirib ki, Elnura iş görmək adı ilə 140 min manat pul verib. Onun sözlərinə görə, Elnur katric satışından əldə olunan qazancdan ona da verəcəkmiş.
Anar Surxayzadə hazırda 85-90 min manatının geri qaytarılmadığını söyləyib.
Şahid Surxayzadə suallara cavabında Vergilər Nazirliyində işlədiyini, amma bir müddət əvvəl əmək müqaviləsinə xitam verildiyini qeyd edib. Hakim isə deyib ki, telüfon danışığında Anar Surxayzadə məzuniyyətdə olduğunu deyib.
Hakim elan edib ki, Şahid Surxayzadə Vergilər Nazirliyində işlədiyi ərəfədə bizneslə də məşğul olub. Bununla da o, qanunun tələblərini pozub.
Həmçinin hakim qeyd edib ki, Surxayzadə Elnura verdiyi pulun qarşılığınfa onun evini alıb. Belə ki, Elnur öz evini Anar Surxayzadənin adına keçirib. Anar Surxayzadə evi 70 min manata satıb.
Təqsirləndirilən Elnur İbrahimov da bunu təsdiqləyib və aralarında belə bir razılıq olduğunu təsdiqləyib.
Elnur İbrahimov ittihamla özünü təqsirli bilmir. O, deyir ki, 2007-2009-cu illərədək “İntelekt” MMC-də kuryer və satış meneceri, daha sonra isə “OfisOne” şirkətində satış meneceri işləyib. O ifadəsində göstərib ki, müxtəlif şirkətlərdən nisyə mal alaraq satmağa başalyıb.
Müxtəlif şəxslərdən əvvəlcə xırda məbləğlər alaraq iş görən E.İbrahimov onlara qısa zamanda qazanclar da qaytarıb. Bu işlər bir müddət davam etdikdən sonra Elnur İbrahimov daha çox qazanc əldə etmək üçün işlədiyi şəxslərdən böyük məbləğlərdə borclar almağa başlayıb.
İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digərlərindən biznes qurmaq adı ilə ümumilikdə onların 1 milyona yaxın pulunu alıb.
Bu işdə deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş kimi tanınır.
Məlumata görə, E.İbrahimovla deputatın oğlu ilə dost olub. Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.
Onu da qeyd edək ki, zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova veriblər.
817 dəfə oxundu