Dağıstan olaylarını araşdırmağa gedən general qəzaya düşdü
Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə idarəsinin rəisinin səlahiyyətlərini icra edən Oleq Potanin Qayakənd rayonunda ciddi avtomobil qəzasına düşüb.
Virtualaz.org xəbər verir ki, bu barədə yerli chernovik.net portalı etibarlı mənbələrə istinadən bildirir.
Məlumata görə Dağıstan başçısı Vladimir Vasilyev Qayakənd mərkəzi rayon xəstəxanasında Potaninə baş çəkib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Oleq Potanini Moskvaya nəql etmək planlaşdırılır.
Mənbə bildirib ki, Potaninlə birlikdə maşında Rusiya İstintaq Komitəsinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İstintaq İdarəsinin rəisi, general Oleq Vasilyev də olub. Onlar xidməti zirehli cipdə Azərbaycan vətəndaşlarının iştirakı ilə iki gün əvvəl baş vermiş iğtişaşları araşdırmaq üçün hadisə yerinə gedirdi. Naməlum səbəblərdən sürücü idarəetməni itirib, maşın yoldan çıxıb və aşıb. General Vasilyev bir neçə sınıq xəsarəti alıb, Potanin isə daha ağır xəsarət alaraq hazırda huşsuz vəziyyətdədir.
“Molodyoj Daqestana” nəşri isə öz mənbələrinə istinadən xəbər verir ki, yüksək vəzifəli şəxslərin getdiyi "Toyota Land Cruiser" markalı maşın Krasnopartizansk kəndi yaxınlığında yoldan çıxıb və bir neçə dəfə aşıb. Sürücü və hər iki sərnişin ciddi zədələr alıb, onların hər üçü Qayakənd rayon xəstəxanasına çatdırılıblar.
Hadisə ilə bağlı rəsmi strukturlardan hələlik şərh verilmir. Xatırladaq ki, vətənə qayıtmaq üçün bir müddətdir Dağıstanın Məhərrəmkənd rayonunda, iki ölkə sərhədində gözləyən bir neçə yüz Azərbaycan vətəndaşı ilə yerli təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Bu insidentlə bağlı yüzə yaxın azərbaycanlının saxlanıldığı bildirilir.
642 dəfə oxundu