Yunusların cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb
Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası davam etdirilib.
APA-nın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasında Leyla Yunusun vəkili Elçin Sadıqov cinayət işinin protokollarında şahidlərin ifadələrində təhrifə yol verildiyini bildirib. Bundan sonra hakimlər qərar qəbul ediblər. Qərara görə, həmin məsələni araşdırmaq üçün cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Hakimlər bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində həmin məsələ araşdırıldıqdan sonra proses davam etdiriləcək.
Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir. Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.
1 157 dəfə oxundu