“Səfər Əbiyev hər dəfə vəd edirdi ki...” Keçmiş rəis

 “Səfər Əbiyev hər dəfə vəd edirdi ki...”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin veridyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin sabiq rəisi Mehman Hacalıyev bugünkü prosesdə şahid qismində ifadə verdi.

M.Hacalıyev ifadəsində Mehman Səlimovu tanıdığını, aralarında heç bir ədavət və düşmənçiliyin olmadığını dedi: “Rəis işlədiyim dövrdə “STŞ” MMC ilə 6 müqavilə bağlanıb. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən hərbi şəhərcikdə 3 mərtəbəli, 33 mənzilli zabit və gizir yataqxanası binasının, 1 mərtəbəli hamam-qazanxana-camaşırxana kompleksi binasının layihələndirilməsi və əsaslı tikinti işlərinin aparılması üçün bütün lazımi şərait yaradılmışdı. Amma tikintidə gecikmələr olurdu. Sabiq müdafiə nazirinə bununla bağlı yazılı və şifahi olaraq məruzə etmişdim. Səfər Əbiyev isə demişdi ki, sanksiya tətbiq etməyin, Mehman Səlimovla özüm danışacam”.

Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun istintaqdakı ifadəsi elan olundu. M.Hacalıyev ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, “STŞ” MMC ilə bütün müqavilələr şəxsən sabiq müdafiə naziri Səfər Əbiyevin tapşırığına əsasən bağlanıb. Mehman Səlimovun himayədarı da o olub. Tikinti işinin gecikdirilməsi ilə bağlı birbaşa sabiq nazirə məruzələr olunub. Səfər Əbiyev hər dəfə ona Mehman Səlimovu çağırıb onunla danışacağını desə də “STŞ” MMC-yə qarşı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib. Səfər Əbiyev tərəfindən podratçı təşkilata qarşı müqavilədə nəzərdə tutulmuş sanksiya tədbirlərinin tətbiqinə icazə verilməyib. Ona görə də tikintidə gecikmələrə yol verilib, müqavilə şərtləri pozulub. “STŞ” MMC-nin direktoru müqavilə şərtlərini pozmaqda davam edib. Səfər Əbiyevin icazəsi olmadan “STŞ” MMC-yə qarşı müqavilə şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyalarını tətbiq etməyə ixtiyarı olmadığından bu barədə məhkəməyə müraciət etməyib.

Məhkəmə prosesi noyabrın 13-kimi təxirə salınıb. Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. İttihama görə, 2006-cı ildən başlayaraq, M.Səlimovun sahibi olduğu MMC-də Müdafiə Nazirliyinin sifarişi əsasında aparılmış tikinti işlərində külli miqdarda mənimsəməyə yol verilib. Təqsirləndirilən şəxsə qarşı qanunsuz sahibkarlıq, mənimsəmə və digər maddələr üzrə ittiham irəli sürülüb. Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləyib. Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi onun Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir. M.Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, Baş Qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan sonra Mehman Səlimov tutduğu vəzifədən azad edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 085 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...