"Suriyada türkmənə qarşı qətliam həyata keçirilir" Türkmən vəkil
“Hazırda Türkmən dağında ağır bombardman yaşanır”. Bu sözləri APA-ya açıqlamasında Suriya türkməni olan vəkil Əli Öztürkmən deyib.
Onun sözlərinə görə, bu vəziyyət 4 gündür, davam edir: “Ora dağlıq meşə bölgəsidir. Digər bölgələrdə olduğu kimi türkmənlər də Əsədə qarşıdır. İndi türkmənlərin yeganə məkanı Türkmən dağı bölgəsidir. Buranın bir hissəsi müxalif qrupların əlindədir. Bu müxalif dəstədə həm türkmənlər, həm də dini mövqeləri üstün olan başqa qruplar da var. Dağın böyük bir hissəsi isə Əsəd qüvvələrinin nəzarəti altındadır".
Türkmən vəkil Suriyada türkmənlərə qarşı qətliamın olduğunu da təsdiqləyib: “Türkmənlər Hümus bölgəsində, xüsusilə orta Suriya bölgəsində böyük ağır itkilər verdilər, qətliam oldu. Onlarla türkmən kəndi yandırıldı və boşaldıldı. Bundan başqa, Hələb və Rakkanın şimalında Türkiyə ilə sərhəd bölgəsində İŞİD qüvvələri türkmənlərə qarşı ağır hücumlar həyata keçirdilər. Bu hücumlar 5 ildir edilir. Bu gün türkmən bölgələri tamamilə itirilib. Onlar köçə məcbur edilir, öz torpaqlarından çıxardılırlar, Türkiyədə və digər sərhəd bölgələrində qaçqın olaraq yaşayırlar. Suriyadakı 3,5 milyon türkmən Suriyanın keçmiş millətlərindəndir və Osmanlı İmperiyası, ondan əvvəlki dövrlərdə orada yerləşmiş türklərin bu günə gəlib çıxmış nümayəndələridir. Buradakı türklər ərəb milliyyətçiləri tərəfindən çox böyük təzyiqlərə, qətliamlara uğrayıblar. Əsəd tərəfində döyüşən türkmən yoxdur və ola bilməz. Türkmənlər digər Suriya xalqı kimi Əsəddən haqlarını istəyirlər. Əsəd rejiminin demokratik bir sistemə çevrilməsini tələb edirlər. Onlar digər millətlər kimi milli kimliklərinin qorunmasına çalışırlar”.
1 072 dəfə oxundu