"Masazıra ayağım da dəyməyib" - VİDEO
Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları Masazır qəsəbə sakini Səriyyə Ağalarovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinən iki nəfəri yaxalayıb.
Polisdən verilən məlumata görə, Novxanı kənd sakini 32 yaşlı Anar Əliyev həmyaşıdı, Beyləqan rayon sakini İlkin Məmmədovla birgə adına arxadan yaxınlaşıb əlindəki çantanı qaparaq qaçıblar. Lakin elə bu məqamda ilahi ədalət özünü göstərib. Hadisə yerindən qaçan İlkinin ayağı büdrəyərək yıxılıb və başı beton plitəyə dəyib. Qadının səsinə gələn polis əməkdaşları əvvəlcə elə İlkini yaxalayıblar.
İstintaqa təhvil verilən bu “qəhrəman” soyğunçuluğu yanında olan Anar adlı şəxsin törətdiyini deyb. İlkin Məmmədov iddia edir ki, cinayətin baş verməsini Anar ona qaç deyə qışqıranda anlayıb. Lakin maraqlıdır ki, zərərçəkmişin əl çantasını polisə təhvil verən də elə İlkin özü olub. İlkin Məmmədov - saxlanılan şəxs: "Qonşunun oğlu ilə zəng elədik Anara. Dedim ki, Anar, çanta hardadır? Çantanı ver, mən çıxım buradan. İçəridə yata bilmərəm, böyrəyim xəstədir. Dedi ki, çantanı hasardan həyətə atmışam. Polislərlə getdik oraya, çantanı götürüb, verdik sahibinə".
Saxlanılaraq polis şöbəsinə gətirilən Anar Əliyev əməliyyatçıları hadisədən xəbərsiz olduğuna inandırmağa çalışıb. Onun sözlərinə görə, dostu İlkinlə kafedə yeyib-içdikdən sonra gördüyü işin pulunu almaq üçün Fatmayi kəndinə yollanıb.
Anar Əliyev - saxlanılan şəxs: "Getmişik Fatmayiyə, pulumuzu almışıq. Mən 11-in yarısından evimdə olmuşam. Mənim Masazıra ayağım da dəyməyib heç. Mən İlkini gəlib burada görmüşəm ki, başı-gözü partlayıb. Məni qadınla üzləşdirdilər, dedim ki, xala, mənəm? O da dedi ki, bala, mən səni birinci dəfədir ki, görürəm".
İki dostdan hansının oğru, hansının doğru olduğunu istintaq müəyyənləşdirəcək. Faktla əlaqədar CM-in soyğunçuluq maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam edir. (Region TV)
1 135 dəfə oxundu