15 yaşında ana olanların sayı artıb
15-17 yaşlı anaların sayı artıb. Virtualaz.org saytı xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib. İ.İsayev bildirib ki, ötən il respublika üzrə 170503 nəfər diri doğulan uşağın 3296 nəfəri 15-17 yaşlı anaların payına düşüb. Respublikanın cənub bölgəsindən ali məktəblərə sənəd verənlərin cəmi 10 faizinin qızlar olması, onların erkən yaşlarından təhsil hüququndan məhrum edildiyini göstərir.
BMT-nin qiymətləndirmələrinə əsasən, dünyada hər il 14,2 milyon nəfər 18 yaşına çatmamış qız nikaha daxil olur. Başqa sözlə, hər gün 39 mindən çox erkən nikah baş verir. Belə vəziyyət davam edərsə, 2015-2020-ci illərdə 70 milyon nəfər 18 yaşına çatmamış qız erkən nikaha girəcək. Hesablamalara görə, onların 13,2 faizini və ya 9,2 milyon nəfərini 15 yaşına çatmamış qızlar təşkil edəcək.
Nazir müavini erkən nikahların əsas hissəsinin Afrika və Cənubi Asiya ölkələrinin payına düşdüyünü, həmin regionlarda nikaha daxil olan hər 3 gənc qadının 1-nin 18 yaşına çatmamış qız olduğunu bildirib: “Ən yüksək göstərici Nigerdə (75%), Çad və Mərkəzi Afrika Respublikasında (68%), Banqladeşdə (66%), Qvineyada (63%), Mozambikdə (56%), Malidə (55%), Burkina-Faso və Cənubi Sudanda (52%) və Malavidə (50%) qeydə alınıb. Mütləq ifadədə isə erkən nikahların sayı Hindistanda daha çoxdur. Bu ölkədə nikahların 47%-i erkən yaşda olan şəxslərdir”.
Qeyd olunan ölkələrdən fərqli olaraq Azərbaycanda bu göstəricinin kifayət qədər aşağı olduğunu bildirən İ.İsayev bununla belə bəzi dolayı statistik göstəricilərin bu sahədə problemin narahatedici olduğunu deməyə əsas verdiyini vurğulayıb: “Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2014-cü ildə qeydə alınmış 84912 nikahdan 479-u 18 yaşına çatmamış qızlarla, 2-si isə 18 yaşına çatmamış oğlanlarla olub. Digər tərəfdən, diri doğulan uşaqların sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların xüsusi çəkisi 14,9% olub ki, həmin qadınların 61,6 %-i kənd yerlərində yaşayanlardır. Əgər 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub”.
Nazir müavini əlavə edib ki, 2004/05-ci tədris ilində dövlət və qeyri-dövlət əyani ümumtəhsil müəssisələrində 1-ci sinif şagirdlərinin sayı təxminən 141 min nəfər təşkil edib: “2014/2015-ci tədris ilində isə 11-ci sinifdə oxuyan şagirdlərin sayı 91,5 min nəfər olub. 2004/05-ci tədris ilindən təhsil alan şagirdlərin 10,2 min nəfərinin əyani ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunduğunu nəzərə alsaq, 39,3 min şagirdin ümumtəhsil məktəbini bitirmədiyi qənaətinə gəlmək olar. Bu şagirdlərin 61,8%-i kənd yerlərinin payına düşür. Araşdırmalar göstərib ki, məktəbdən yayınan bu şagirdlərin əksər hissəsi erkən nikah qurmuş qızların payına düşür. Göründüyü kimi, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını da artırır. 2015-ci ildə qəbul imtahanlarının nəticəsi göstərib ki, həmin il ərzində respublikanın cənub bölgəsindən ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu, bizim qızların erkən yaşlarından təhsil hüququndan məhrum edildiyini göstərir”.
Erkən nikahın əslində sosial hadisə olduğunu qeyd edən İ.İsayev bildirib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddindən aşağı olması həmin yeni qurulmuş ailələrdə bir sıra problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur: “DSK-nin məlumatına əsasən, 2014-cü ildə respublika üzrə 170503 diri doğulan uşağın 3296 nəfəri, o cümlədən şəhər yerlərində 1054, kənd yerlərində 2242 nəfəri 15-17 yaşlı anaların payına düşüb. Acınacaqlı hal odur ki, 15-19 yaşına qədər anaların 279-u ikinci uşaq, 9-u isə 3-cü uşaq dünyaya gətirib. 18-19 yaşlı anaların isə 158 nəfəri 3-cü uşaq dünyaya gətirib”.
Nazir müavini cəmiyyətin əsasını təşkil edən ailəni qurmaq, formalaşdırmaq, qoruyub saxlamaq və inkişaf etdirmək üçün yeniyetmənin özünün tam mənada formalaşmasının tələb edildiyini nəzərə çatdırıb: “Erkən nikahların səbəblərindən biri də gənclərin erkən nikaha girməklə gələcək sosial risklərdən sığortalanmış olduqlarını düşünmələridir. Amma həyat göstərir ki, əksinə, onlar bu addımı atmaqla fizioloji, həm də psixoloji mənfi təsirlərə məruz qalır, təhsil almaqdan məhrum olaraq öz həyatlarını mənasız edir və mövqesiz insana çevrilirlər”.
İ.İsayev bildirib ki, araşdırmalar erkən nikahların əsasən aztəminatlı ailələrdə geniş yayıldığını göstərir: “Lakin aztəminatlı olmaq erkən nikaha heç vaxt əsas yarada bilməz. Çünki bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkədir”. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edən nazir müavini ölkədə ilbəil güclənən sosial siyasətin sosial cəhətdən həssas əhali qruplarına, aztəminatlı ailələrə dövlət qayğısının daim artması ilə müşaiyət olunduğunu konkret göstəricilər əsasında diqqətə çatdırıb.
“Araşdırmalar kənd qızlarının işlə təmin olunmalarındakı müəyyən çətinliklərin, bir sıra hallarda çarəsizlik, ümidsizlik mühitinin erkən nikahların səbəblərindən biri olduğunu göstərir”- deyə qeyd edən İ.İsayev ölkə əhalisinin 8,9 faizini 14-19 yaşlı gənclər təşkil etdiyini, onların 47,4 %-inin gənc qızlar olduğunu bildirib.
O, ölkədə gənclərin məşğulluğunun təmin olunması yönündə aparılan işlərdən, o cümlədən dövlət məşğulluq orqanları tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən, tələbə və məzunların əmək bazarlına inteqrasiyasının dəstəklənməsindən, BƏT-lə birgə icra olunan pilot layihə çərçivəsində bir qrup gəncin subsidiyalı əsaslarla məşğulluğunun təmin olunmasından söz açıb: “Hazırda əmək bazarında 5397 nəfər 15-19 yaş arasında olan şəxs muzdla əmək fəaliyyəti göstərir ki, bu da bütün muzdla işləyənlərin 0,43%-i təşkil edir. Bunların 45,5%-i gənc qızlardır. Bu yaş qrupunda olan şəxslərin 80 nəfərinin ibtidai təhsili, 2541 nəfərinin tam orta təhsili, 1046 nəfərinin isə ümumi orta təhsili var”.
Nazir müavini bildirib ki, Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda Avropa Birliyində bu, 20,6%, İspaniyada - 49,3, Xorvatiyada - 43,6, İtaliyada - 41,5%-dir. Təsadüfi deyildir ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib”.
İ.İsayev araşdırmaların nəticələrinə əsasən, erkən nikahların səbəblərindən birinin də kənd yerlərində yaşayan kişilərin əmək miqrasiyası ilə bağlı olaraq qızlar arasında ailə qura bilməmək qorxusundan irəli gəldiyini qeyd edib. O, Regionların İnkişafı üzrə Dövlət Proqramları nəticəsində ölkənin bütün bölgələrində həyata keçirilən inkişaf proseslərindən, habelə sosial məsələlərin həlli ilə bağlı görülən tədbirlərdən, Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrlə bağlı layihələrindən bəhs edib.
Nazir müavini bildirib ki, dünyada erkən nikahların səbəbləri müxtəlifdir: “Onların bəziləri ümumi xarakterli, əksəriyyəti ölkələr və regionlar üzrə fərqlidir. Bu baxımdan erkən nikahların qarşısının alınması yalnız qanunvericiliyin təkmilləşdirilməsi və sərtləşdirilməsi hesabına mümkün deyil. Bu məsələnin həlli kompleks yanaşmanı və ictimaiyyətin bütün təbəqələrinin, o cümlədən dövlət orqanlarının birgə aktiv səylərini tələb edir”.
1 161 dəfə oxundu