Füzulidə səsgücləndirici ilə icra başçısını söyən şəxs kimdir? (TƏFƏRRÜAT)

Füzulidə səsgücləndirici ilə icra başçısını söyən şəxs kimdir?
Səsgücləndirici (meqafon) vasitəsi ilə Füzuli rayon İcra Hakimiyyəti başçısının ünvanına nalayiq sözlər deyən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1989-cü ildə Füzuli rayonunun Əhmədalılar kəndində doğulmuş Vahid Zamanov (soyad şərti) İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və məhkəmənin qərarı ilə 15 sutka həbs olunub.

Vahid rayonun Əhmədalılar kəndinində fermer təsərrüfatı ilə məşğul olmaq qərarına gəlib və öz adına MMC təsis edib. O, MMC-nin sahəsini böyütmək üçün Əhmədalılar kəndinin bələdiyyəsinə və rayon İcra Hakimiyyətinə müraciət edərək, örüş otlaq sahəsinin onun adına rəsmiləşdirməsini istəyib. Amma nəticə əldə edə bilməyib və aprelin 17-də Horadiz şəhərində yerləşən “Saat dairəsi” adlanan yerdə olan saatın üzərinə çıxaraq meqafonla səs-küy salıb, İcra Hakimiyyəti başçısının ünvanına nalayiq sözlər deyib.

Həmin şəxs bu hərəkəti ilə ictimai asayişi pozub, ətrafdakı insanların diqqətini özünə cəlb edib. Hadisə yerinə gələn polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirib. Buna görə də saxlanılaraq, məhkəməyə çıxarılıb.

Qeyd edək ki, Əhmədalılar bələdiyyəsinin sədri Yaqub Quliyevdir. Onun həyat yoldaşı Vəfa Süleymanzadə isə əvvəllər sözügedən kəndin bələdiyyə sədri olub. Vəfa Süleymanzadə hazırda bələdiyyənin 9 üzvündən biridir.

Onu da qeyd edək ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdir. O, 25 fevral 2011-ci ildən bu vəzifəni tutur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
321 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...