“Rauf Quliyev külli miqdarda pulumuzu ələ keçirib” – İDDİA

“Rauf Quliyev külli miqdarda pulumuzu ələ keçirib” –
"TTQ QRUP” MMC-nin direktoru, "Füzuli” futbol klubunun prezidenti Rauf Quliyevin bir neçə şəxsə qarşı dələduzluq etməsi iddia olunur.

"Qafqazinfo”ya müraciət edən Qasım Kazımov və digər üç şikayətçi Rauf Quliyevin ev tikmək adı ilə onlara ziyan vurduğunu bildirib.

Onların iddiasına əsasən, Rauf Quliyevə məxsus şirkət fərdi evlərin layihələndirilməsi və tikilməsi ilə bağlı sifarişləri qəbul edib: "Rauf Quliyevin adamları "TTQ QRUP” MMC adından elan saytlarında "Fərdi evlərin nağd və kreditlə tikilib satılması” başlıqlı reklam yerləşdirirlər. Ötən il noyabrın 30-da mən bu elan vasitəsilə həmin şirkətlə əlaqə yaratdım. Məni şirkətin tikinti üzrə mühəndisi Elnur adlı şəxsə yönləndirdilər və onunla Sumqayıtda görüşdük. Bir neçə yerdə torpaq sahələri göstərdi. Nəhayət, "Kottec” deyilən yerdə daş hasara alınmış ümumi sahəsi 15 sot olan torpağın içində 2 sot torpağı bəyəndim. Elnur dedi ki, bəs bu torpaq sahəsi onların şirkətinə məxsusdur. Bütün sənədlər daxil tam paket halında çıxarışlı evi tikib mənə dörd ay ərzində təhvil verəcəklər”.

Qasım Kazımov əlavə edib ki, bundan sonra şirkət əməkdaşı ilə görüşərək müqavilə imzalayıb:

"Ertəsi gün Elnurla şirkətin Yasamalda yerləşən ofislərində görüşdük. Burada "TTQ QRUP” MMC-nin direktoru Quliyev Raufla tanış oldum. Danışığa əsasən, mənim üçün tikiləcək evin ümumi dəyəri 72 000 manat oldu. 20 000 manatı ilkin ödəniş kimi, yerdə qalan məbləği isə 90 ay müddətində ödəmək şərti ilə razılaşdıq və müqavilə imzaladıq. Rəsmi ödəniş qəbzinə əsasən, 20 min manatı Raufa verdim. Rauf bildirdi ki, müqavilə bağlandığı tarixdən dörd ay müddətinə evi tikib tam təhvil verəcək”.

Şikayətçi əlavə edib ki, razılaşma müddətindən xeyli keçsə də, heç bir tikinti aparılmayıb və verdiyi pulları geri ala bilmir:

"Hər dəfə Rauf mənə min cür bəhanə uydurur. Gah deyir İcra Hakimiyyətinə 3700 manat rüsum ödəyib, gah da başqa sözlər… Mən onların Yasamaldakı ofislərinə getdim və orada məlum oldu ki, mənim kimi bir çox adama ev tikintisini vəd edərək pul alıblar, lakin heç bir iş görməyiblər, pulları da qaytarmırlar. Həmin adamlardan mənimlə birgə dörd nəfər – Vüsal Mustafayev (18 000 manat), Zülfiyyə Zeynalova (25 000 manat), Emin (21 000 manat) və digər şəxs müxtəlif dövlət qurumlarına məsələ ilə bağlı şikayətlər ünvanlamışıq. Ümumilikdə isə 25 nəfərə yaxın şəxsdən pul alaraq aldadıblar. Biz bununla bağlı polis və prokurorluq orqanlarına müraciət etmişik, lakin hələ də cinayət işi açılmayıb və Rauf Quliyev barəsində tədbir görülmür”.

İttihamlarla əlaqədar Rauf Quliyevlə əlaqə saxlanılıb. O, bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır:

"Mən həmin şəxs üçün torpaq sahəsinin alınması məqsədilə dörd min manat ödəmişəm, qəbzlər də var. Gedib şikayət edib, mənim ictimai mövqeyimdən istifadə edərək belə bir addım atır. Onunla danışanda da demişdim ki, pulunu hissə-hissə ödəyəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
241 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...