“Məni döyüb polis rəisinin otağına apardılar, icra başçısı da orada idi”

“Məni döyüb polis rəisinin otağına apardılar, icra başçısı da orada idi”
"İcra başçısı dedi ki, sən şərəfsizsən, vicdansızsan..."

“İki aya yaxındır ki, məni döyən polislərin cəzalandırılmasını tələb edirəm. Əvəzində, Daxili İşlər Nazirliyi özümü günahkar çıxarmağa çalışır. Barəmdə mənfi rəy formalaşdırmaq üçün başıma gələnləri təhrif edərək bütün günahları öz ayağıma yazıblar. Nəticədə, mənə işgəncə vermiş polislər cəzadan kənarda qalıb”.

Bunu Toplum TV-yə Salyanın Varlı kənd sakini Kamil Məmmədov deyir.

II Qarabağ müharibəsi iştirakçısı 22 yaşlı Kamil Məmmədov iddia edir ki, iyunun 24-də səhər saatlarında işə gedərkən onu yoldan tutaraq Salyan Rayon Polis İdarəsinə aparıblar.

Deyir ki, orada döyülüb, sonra da şöbənin rəisinin iş otağında olan icra başçısının qarşısına aparılıb. İcra başçısı isə onu təhqir edib.

Kamil Məmmədov başına gələnlərlə bağlı videomüraciətini sosial şəbəkədə yayandan sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov öz sosial şəbəkə hesabında DİN adından çıxış edərək yazıb ki, keçmiş döyüşçüyə 12 sot həyətyanı, 50 sot isə əkin üçün torpaq sahəsi verilib.
“Məni döyüb polis rəisinin otağına apardılar, icra başçısı da orada idi”

Onun sözlərinə görə, qazi Aqrar İnkişaf Mərkəzinin Baytarlıq Şöbəsində işlə təmin edilib: "Ötən ilin avqustunda rayon polis şöbəsinə yaşadığı kəndin icra nümayəndəsindən şikayət edib. Şikayəti araşdırılıb, təsdiqini tapmayıb, ancaq şikayətlərini davam etdirdiyi üçün şöbəyə dəvət olunub. Onunla söhbət aparıldıqdan sonra ərizə yazaraq heç bir şikayətinin və tələbinin olmadığını bildirib. Şöbədə olarkən ona qarşı nəinki hər hansı bir qanunsuz hərəkət edilib, əksinə, diqqət və hörmətlə yanaşılıb”.

DİN sözçüsünün bu açıqlaması vətəndaşı qəzəbləndirib.

O deyir ki, 44 günlük müharibədən qayıtdıqdan sonra torpaq sahəsi və iş üçün yerli bələdiyyəyə, rayondakı Məşğulluq Xidmətinə müraciət edib. Nəhayət, Prezident Administrasiyasına yazdıqdan sonra ona bir kəndin kənarında 12 sot torpaq sahəsi verilib: "Həmin ərazi şoranlıqdır, nə əksən, bitmir. Üstəlik də, torpağın sənədini verməyiblər. Sonradan xəbər tutmuşam ki, torpaq başqasınındır, xeyli əvvəl pul verib alıb”.

Şikayətlərindən sonra Kamil Məmmədova rayon mərkəzində yerləşən Baytarlıq Şöbəsində iş də verilib, 80 manat veteran təqaüdü də təyin edilib. Ancaq iş yerinin uzaq olması və maaş onu qane etməyib: “Kənddə yaşayıram, iş yerimsə 40 kilometr aralıdadır. Maaşım da 280 manat... Hər gün işə gedib-gəlmək üçün azı 8-10 manat yolpulu xərcləyirəm. Təkcə aylıq yolxərcim mənə verilən maaşın yarısı qədərdir. Anam xəstədir, onun aylıq dərmanları 150 manatdan çox tutur. Bir sözlə, mənə verilən maaş dolanışığıma çatmır. Başçının qəbuluna gedib xahiş etmişdim ki, mənə yaşadığım kəndə daha yaxın yerdə iş verilsin. O isə dedi, çıx otağımdan, baş-beynimi xarab eləmisiz. Dedim, döyüşəndə, can qoyanda yaxşı idi, indi başınızı xarab eləyən olduq?.. Ağır sözlər deyib, hədələyib, otağından qovdu”.

Kamil Məmmədov başçının hərəkətlərindən Salyan Rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinə şikayət edib. Bundan bir neçə gün sonra polis şöbəsinə aparılıb: “Səhər Baytarlıq Şöbəsinin müdir müavini zəng vurdu. Dedi ki, iclas var, təcili gəl. Rayona çatanda bir neçə polis işçisi qəfil üstümə hücum çəkib məni tutdu. Onlara tabe olmadığıma görə döyə-döyə maşına mindirdilər, maşındaca bədənimə elektroşok vurdular, bədənim keyidi”.



Deyir ki, onu polis şöbəsinə gətirib qollarını arxadan qandallayıblar və döyməyə davam ediblər: “Qollarımı arxama qandallayıb, yerə yıxdılar. 3-4 polis işçisi məni döydü. Hələ biri üstümə çıxıb, məni tapdalayırdı. Sonra da dedilər ki, icra başçısı gəlib. Bundan sonra məni rəisin otağına apardılar, icra başçısı də ordaydı. Dedi ki, sən şərəfsizsən, vicdansızsan, cibinə pul qoymuşam, ancaq sən gedib məndən ora-bura şikayət yazırsan”.

Kamil Məmmədovun dediyinə görə, onun adından polislər özləri şikayətçi olmaması barədə ərizə yazıblar, əlindən tutaraq zorla qol çəkdiriblər və saat 17.00 radələrində şöbədən buraxıblar.

Dediyinə görə, hətta şikayətçi olarsa, yenə də harda olsa, tutub şöbəyə gətirəcəkləriylə hədələyiblər. Şöbədən buraxılandan sonra bir neçə dəfə Rayon Mərkəzi Xəstəxanasında müayinədən keçmək istəyib. Ancaq hər dəfə xəstəxana rəhbərliyi həkimlərin işdə olmadığını bəhanə gətirərək müayinədən keçirilməsini əngəlləyib: “Bircə onu bilirəm ki, bu ölkədə qanun işləmir, bir qol gücü işləyir, bir də pul... Sıradan bir icra nümayəndəsinin kənddə hektarlarla torpaq sahəsi var, rayonun mərkəzində, Bakıda evi var, ancaq mənim kimi arxasız, kimsəsiz vətəndaş heç nə əldə edə bilmir. Tələb edəndə də qollarını qandallayırlar”.

Kamil Məmmədov Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət edib.

O, işgəncə verdiklərini iddia etdiyi polislərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını tələb edir.

Salyan rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov iddiaları qəbul etməyib.

O, Toplum TV-yə deyib ki, qazi işə təmin olunub, ona torpaq sahəsi də ayrılıb.

"İcra başçısının onu təhqir etməsi ilə bağlı dediklərinə gəlincə, bu iddialar əsassızdır, yalandır", - deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
610 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...