"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

  "İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." -
Laçın rayonundan məcburi köçkün düşmüş Murad Kərimov evinin yandığını və ona dəymiş ziyanın illərdir ödənilmədiyini bildirir. Şikayətçi Toplum TV-nin qaynar xəttinə 2020-ci ildən bəri qurumların bu işi bir-birinin üzərinə atdığını yazır.

“1993-cü ildə Laçın rayonundan məcburi köçkün düşmüşəm. O zaman Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində xarici şirkət bizim üçün bir otaqlı ev tikdi. Sonradan özüm o evi artıraraq əlavə otaq tikdim. 2020-ci ilə qədər həmin evdə yaşamışam. 2020-ci ilin sentyabrın 10-da prezidentin sərəncamı ilə məcburi köçkünlərə verilən evlərdən birinin açarı bizə təqdim edildi. Sentybarın 19-da isə qaldığım ev yandı. Evin yanma səbəbi elektrik qısaqapanmasıdır. FHN gəlib akt bağlayıb və mənim 20 min manatlıq evimə dəymiş ziyanı 4300 manat məbləğində qiymətləndirdi. Həmin pulu isə indiyə qədər heç bir qurum ödəmir”.

Şikayətçi bununla bağlı Laçın rayon İcra Hakimiyyətinə, Azəişığa, FHN, İlham Əliyevə, Mehriban Əliyevaya məktub göndərsə də, dəyişən bir şey olmayıb və qurumlar öhdəliyi bir-birinin üzərinə atıb:

“Mənə FHN-dən cavab gəldi ki, ev işıqdan yanıb, ziyanı “Azərişıq” ödəməlidir. “Azərişıq” isə deyir ki, get icra hakimiyyətinə. Laçın rayon İcra Hakimiyyətinin birinci müavini Tofiq Mirzəyev də dedi ki, get kağızlarına FHN-də möhür vurdur, gətir. Möhürü vurdurub gətirəndən sonra isə deyir ki, icra hakimiyyətinin sənə kömək etməyə imkanı yoxdur. Bütün qurumlar mənə dəymiş ziyanı ödəmək məsələsini bir-birlərinin üzərinə atırlar. Ancaq ortada bir şey yoxdur”.

Şikayətçi icra hakimiyyətinin ona dəymiş ziyanı ödəməməsini həm də ev verilməsi ilə əlaqələndirir: “İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik. O evi mənə prezident verib. Həmçinin həmin ev evim yanmadan 10 gün əvvəl verilib”.

Şikayətçi ədalət olmayan ölkədə ədalət axtarışında olduğunu deyir. O deyir ki, tələbi yeni bir ev yox, dəymiş ziyanın ödənilməsidir..

İttihamda adı hallanan Laçın rayon İcra Hakimiyyəti Toplum TV-nin sorğusuna cavab olaraq vətəndaşa dəymiş ziyanın ödənilməsinim imkan xaricində olduğunu qeyd edib: “Murad Kərimovun müraciətinə baxılıb. Murad Kərimovun tələbi onun ailəsinin müvəqqəti məskunlaşdığı, 1996-cı ildə beynəlxalq humanitar təşkilat tərəfindən inşa olunmuş fərdi yaşayış evində 19.09.2020-ci il tarixdə baş vermiş yanğın nəticəsində yanmış məişət əşyalarına görə dəymiş ziyanın ödənilməsindən ibarətdir. Məlumat üçün bildirirəm ki, yanğın nəticəsində yanmış məişət əşyalarına görə dəymiş ziyanın ödənilməsinin imkan xaricində olması ilə bağlı ona fərdi qəbul zamanı müvafiq izahat və düzgün istiqamət verilib. Bununla yanaşı Murad Kərimovun ailəsi dövlət tərəfindən müvafiq Dövlət Proqramına əsasən Taxta Körpü ərazisindəki Vağazin obası ərazisində salınmış 256 ailəlik məcburi köçkün qəsəbəsində hər cür kommunal şəraiti olan üç otaqlı fərdi yaşayış evi ilə təmin edilmiş və hazırda həmin evdə yaşayır”.

Murad Kərimov isə deyir ki, necə olur ki, İcra Hakimiyyəti 2 ildir ki, ona dəymiş ziyanı imkanlaşdırıb ödəyə bilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...