Əli Həsənovun oğlunun Mayamidəki yeni iş yeri... - Fotofakt
Azərbaycanı tərk edərək ABŞ-a köçən prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Florida ştatının ikinci ən böyük şəhəri olan Mayamidə fəaliyyət göstərən “Manocherı Brothers LLC” (“Manuçeri Qardaşları”) şirkətində işə düzəlib.
GUNDEMİNFO.AZ xəbər verir ki, yeniavaz.com-un əldə etdiyi məlumata görə, Şamxal Həsənli şirkətdə satınalmalar üzrə direktor vəzifəsini icra edir.
“Manocherı Brothers LLC” şirkəti daşınmaz əmlak şirkətidir və 2021-ci ilin avqust ayında yaranıb. Yeni yaranan şirkət ABŞ-ın tanınmış daşınmaz əmlak şirkətlərindən olan “Universe Holdings”ə bağlıdır. Şirkətin sahibi olan Henri Manuçeri ABŞ-ın tanınmış daşınmaz əmlak mütəxəssislərindən biridir.
Məlumat üçün bildirək ki, Şamxal Həsənli daha əvvəl Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən “Zylberglait Group”da işləyib. Bu şirkət ABŞ-ın və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur. Bu ilin əvvəlində Şamxal Həsənlinin “Marcus and Millichap” şirkətində ermənilərlə birgə işlədiyi barədə məlumat verilib.
Belə görünür, bu məlumat yayıldıqdan bir müddət sonra Şamxal Həsənli iş yerini dəyişib.
Onu da bildirək ki, Şamxal Həsənli 12 iyul 2022-ci il tarixində Mayamidə yerləşən “2925 NE 190TH ST APT 106 AVENTURA, FL 33180” ünvanında “SOLIS DEVELOPMENT LLC” adlı şirkət də qeydiyyatdan keçirib.
Qeyd edək ki, hazırda ailəsilə birgə Mayamidə yaşayan Şamxal Həsənli ötən il Nyu-York şəhərindəki Kolumbiya Universitetindən məzun olub.
475 dəfə oxundu