Döyülərək öldürülən jurnalistin qatillərinin məhkəməsi başlayıb FOTOLAR
Bakı Ağır Cinayətlər Məhkəməsində, döyülərək öldürülən jurnalist Rasim Əliyevin işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə ilkin məhkəmənin hazırlıq iclası saat 15:00-a təyin olunub. Musavat.com-un əməkdaşı xəbər verir ki, Məhkəmədə iştirak etmək istəyənlərdən yalnız mərhum jurnalistin yaxınları və təqsirləndirilən şəxslərdən bəzilərinin valideynləri prosesə buraxıldılar. Məhkəmə binasının qapısında iştirakçılar və polislər arasında qarşıdurma yaranıb. Bina önündə çoxlu sayda mülkü geyimli asayiş keşikçiləri var.
Qeyd edək ki, jurnalisti öldürməkdə 5 nəfər təqsirləndirilir. Bunlardan Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyev isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri üzrə ittiham olunurlar.
Cinayətdə adı keçən “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi ayrı icraata götürülüb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Futbolçunun işinə Səbayel Rayon Məhkəməsi baxacaq. Prosesin başlama vaxtı məlum deyil.
1 210 dəfə oxundu