Avropa Məhkəməsindən şəhid Milli Qəhrəman haqda absurd qərar
Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM) “Narayan və başqaları Azərbaycana qarşı” işi üzrə hökmü dərc edib. Bu barədə erməni mediası AİHM-in saytına istinadən məlumat yayıb. Hökm öldürülən erməni əsgərlərin yaxınlarının şikayəti əsasında çıxarılıb.
Hadisəni ermənilər məhkəməyə bu cür təqdim edib: 2016-cı il dekabrın 29-da səhər saatlarında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov sərhədi keçib silahsız əsgərlər - Edqar Narayan və Edik Abovyanı öldürüb. Döyüş mövqeyində olan digər əsgərlər dərhal atəş səsinə tərəf qaçıblar. Atışma olub və üçüncü erməni əsgəri Şavarş Melikyan da öldürülüb. Ermənistan silahlı qüvvələri gəlib və bir saat davam edən atışmadan sonra qarşı tərəfdən atəş kəsilib. Məlum olub ki, “qarşı tərəfdə” yalnız Çingiz Qurbanov olub.
Qurbanovun meyiti ilə birlikdə 3 erməni əsgərin meyiti yerdə tapılıb. Məhkəmə-tibb ekspertizasının rəyinə görə, ölümcül güllələr Çingiz Qurbanovun avtomatından atılıb.
Ərizəçilərin sözlərinə görə, Azərbaycan Qurbanovun erməni əsgərləri öldürdüyünü tanıyıb. Lakin qətllərin hansı şəraitdə baş verdiyini araşdırmayıb. Əvəzində dövlət onun bu hərəkətini yüksək qiymətləndirib, Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, həmçinin onun adına küçə var.
AİHM-in qərarına əsasən, hərbçilər Edqar Narayan və Erik Abovyanın ölümü, habelə onların ölüm şəraitinin araşdırılmamasına görə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) tələbləri pozulub.
AİHM Konvensiyanın 13-cü (effektiv müdafiə hüququ) və 14-cü maddəsinə (ayrı-seçkiliyin qadağan edilməsi) uyğun olaraq araşdırmaya ehtiyac olmadığını bildirib və bu ittihamları rədd edib.
AİHM-in qərarına əsasən, Azərbaycan məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi tarixdən üç ay ərzində (44-cü maddəyə uyğun olaraq) hər ərizəyə görə tutula biləcək istənilən vergini, üstəgəl 16.000 avro ödəməyə borcludur. Konvensiyanın 2-ci bəndi ilə maddi ziyana görə hər ərizəçiyə görə 2780 avro, üstəgəl, xərclərlə bağlı onlardan tutula biləcək bütün vergilər ödənilməlidir.
Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.
Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman ermənilərin pusqusuna düşüb və şəhid olub. Çingiz Qurbanovun nəşi ermənilər tərəfindən ələ keçirilib. Bütün beynəlxalq normaları pozan erməni tərəfi yalnız 2017-ci il fevralın 5-də Çingiz Qurbanovun nəşini Azərbaycan tərəfinə təhvil verib.
Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər xiyabanında dəfn edilib.
2017-cı ilin 7 fevralında Prezident İlham Əliyevin sərəncamı ilə xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Avropa İnsan Haqları Məhkəməsinin qərarı, göstərdiyi “əsaslar” bu qərarın daha çox siyasi yüklü qərar olduğu deməkdirmi? Azərbaycanla Ermənistan arasında sülh sazişinin olmadığı, müharibənin davam etdiyi bir dövrdə qarşı-qarşıya dayanan iki ölkənin hərbçilərinin arasında döyüş baş verməsi, bu zaman ölənlərin də olması əslində adi hal deyilmi? Ermənilərin absurd iddialarına məhkəmənin yanaşması qərəzlidirmi?
458 dəfə oxundu