Gəncə Dövlət Universitetinin müəllim kollektivi KİV-yə müraciət ünvanladı MƏTN

Gəncə Dövlət Universitetinin müəllim kollektivi KİV-yə müraciət ünvanladı


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN PROFESSOR- MÜƏLLİM HEYƏTİNİN MÜRACİƏTİ

Son vaxtlar bəzi mətbuat orqanlarında ,xüsusilə özəl saytlarda Gəncə Dövlət Universiteti və onun vəzifəli şəxsləri haqqında çirkin məqsəd güdən heç bir əsası olmayan böhtan xarakterli yazılar dərc olunur. Universitet rəhbərliyinə, universitetin ayrı-ayrı vəzifəli şəxslərinə ləkə yaxmaqla onları gözdən salmaq məqsədi daşıyan bu cızmaqaralardakı "faktlar"ı (əslində isə şər və böhtanları) müxtəlif saytlara ötürənlər kimlərdir bəs?

Həmin yazıları dərc edən saytların özlərinin qeyd etdiklərinə görə "bu ötürücülər" universitetimizin "bir qrup əməkdaş"larıdır. Buradakı "bir qrup" ifadəsi həqiqətə uyğundur, lakin "əməkdaş" sözü ilə razılaşmaq çox çətindir.Çünki həmin "bir qrup əməkdaş" sayı 550-dən çox olan professor-müəllim və 600-dən yuxarı tədris-köməkçi heyətin heç bir faizini də təşkil etmir.Ancaq bu kiçik "qrup" üzvlərinə ona görə "əməkdaş" demək olmaz ki, onlar yarıtmaz fəaliyyətinə görə vəzifədən uzaqlaşdırıldıqdan sonra müxtəlif saytlara " xəbərdaşlıq" edən böhtançılar ,böyük kollektivin kiçik tör-töküntüləridir. Əlbəttə, atalar demişkən, "meşə çaqqalsız olmaz". Ancaq məsələ burasındadır ki, "çaqqallar" arasında kənar havadarlarına güvənən "tülkü dərisi geyinmiş canavarlar" da var!

Bəs, ətrafına çaqqal-çuqqal yığaraq ağa qara deyən "canavarları" narazı salan, narahat edən nədir? Heç şübhəsiz ki, Gəncə Dövlət Universitetinin və onun kollektivinin son iki ildə qazandığı uğurlar!

Bəli, professor Yusif Yusibov rektor təyin olunduğu ilk gündən universitetimizdə nizam-intizamın möhkəmləndirilməsi, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələblərinə uyğun olaraq, ölkəmizdə də insan kapitalının inkişafına xidmət edən nəticəyönümlü təhsil prosesinin qurulması , yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması üçün əlindən gələni əsirgəməmiş və indi də əsirgəmir.

Məhz hörmətli rektorun məqsədyönlü və səmərəli fəaliyyətinin nəticəsidir ki, son iki ildə universitetimizin maddi-texniki bazası xeyli gücləndirilmiş , auditoriya şəraiti əsaslı şəkildə yaxşılaşdırılmış, yeni tədris laboratoriyaları yaradılmış və müasir təlim texnologiyaları ilə təmin olunmuşdur.Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun Dövlət Standartları əsasında universitetdə fəaliyyət göstərən bütün ixtisaslar üzrə Tədris planları hazırlanmış, tədris məşğələlərinin interaktiv təlim üsulları ilə təşkili üçün zəruri şərait yaradılmışdır.Şəhər ictimaiyyəti üçün "Açıq dərs"lərin təşkili artıq müntəzəm və sistematik xarakter almışdır.

Son iki ildə universitetimizin beynəlxalq elmi əlaqələrinin miqyası xeyli genişləndirilmiş və daha çox istiqamətləri əhatə etməyə başlamışdır.Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda dünyanın 20 ölkəsinin 40 universiteti ilə beynəlxalq elmi əlaqələrimiz mövcuddur.

Tələbələrdə milli mənlik şüurunun ,vətəndaşlıq mövqeyinin formalaşdırılması, milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində aparılan tərbiyəvi işlərin sayı qat-qat artırılmış ,məzmunu dərinləşdirilmişdir.

Universitet əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün daxili imkanlar hesabına müəyyən işlər görülmüşdür.

Belə ki,universitet əməkdaşlarının əmək haqqı keçən il daxili imkanlar hesabına 12,5% artırılmışdır.Bu ilin mart ayının 1-dən isə daha yüksək dərəcədə artırılması nəzərdə tutulmuşdur.

"Xəbərdaş" qrupun ləkə yaxdığı imtahan prosesi də əvvəlki illərdə olduğu kimi obyektiv və daha şəffaf təşkil olunmuşdur. Belə ki,imtahanlara hələ bir ay qalmış mühazirə mətnlərinin həm çap, həm də elektron variantı, imtahan sualları tələbələrə verilmiş, rektor bütün fakültələrin tələbə fəalları ilə şəxsən görüşmüş, onların problemləri ilə maraqlanmış və həllinə köməklik göstərilmişdir.Bütün bunların nəticəsidir ki, artıq başa çatmaq üzrə olan payız imtahan sessiyasında demək olar ki,heç bir narazılıq olmamış ,tələbələr aldıqları qiymətlərdən məmnun qalmışlar.

"Bir qrup əməkdaş"ın gözü bütün bu uğurları götürmədiyi üçün və əllərindən başqa heç bir iş gəlmədiyindən əməkdaşlıq əvəzində "xəbərdaşlıq" edərək çalışdıqları kollektivə ləkə yaxmaqla məşğul olurlar.Onların bu hərəkətlərini bütün kollektiv adından qətiyyətlə pisləyir və lənətləyirik!

Hörmətlə, Gəncə Dövlət Universitetinin kollektivi

( Müraciətimizi imzalarımızla təsdiq edirik)


Gəncə Dövlət Universitetinin müəllim kollektivi KİV-yə müraciət ünvanladı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...