Təhsilimizin unudulmaz fədaisi - Mehdi Mehdizadənin əzız xatirəsinə
Elə insanlar var ki, onların həyatı hekayəyə sığmır
İosif Brodski,
Nobel mükafatı laureatı
Bir neçə gündən sonra (1 may) düz 23 il Azərbaycan maarifinə rəhbərlik etmiş, hədsiz dərəcədə aydın, işıqlı, xeyirxah, qayğıkeş, gözütox, təmənnasız, millətsevər, xalqına bağlı bir insanın - akademik Mehdi Mehdizadənin anım günüdür. Bu görkəmli şəxsiyyət, təhsil fədaisi, ən nəhayət fəzilətli, böyük bir insan haqqında kiçik bir xatirəmi bir daha bölüşməyi özümə borc bildim. Bəzən həyatda elə hadisələrlə rastlaşırsan ki, onlar yaddaşına xoş xatirələr kimi həkk olunur. Bir çox hallarda isə bu xatirələr insanın həyat hekayətinin əsas mövzularına cevrilir...
Heç yadımdan çıxmır, 70-ci illərin sonu idi. Aspiranturanı yenicə bitirib kiçık elmi işçi kimi Təhsil Nazirliyinin Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda ( indiki Təhsil Problemləri İnstitutu ) fəaliyyətə başlamışdım.Qəfil bir xəbər məni bərk həyəcanlandırdı:”Maarif naziri Mehdi Mehdizadə səni görmək istəyir, sabah saat 11-də onun yanında olmalısan”. Narahatçılığımdan gecəni səhərədək yata bilmədim. Ağlıma cürbəcür fikirlər gəlirdi, düşünürdüm ki, mən hara, Mehdizadə hara, görəsən nəyə çağırır, İttifaq miqyasında tanınan və sayılan, böyük-böyük titullar və nüfuz sahibi olan akademikin adi kiçik elmi işçı ilə nə işi ola bilər...
Deyilən vaxt onun qəbul otağında oldum. Katibə mənim Nadir İsrafilov olduğumu bilən kimi: “Keçin içəri, akademik sizi gözləyir”,-dedi. İçəri daxil oldum. Nazir Mehdizadə məni görcək eynəyini bir az yuxarı qaldırdı və kiçik bir aradan sonra təəccüblə gülümsünərək dedi:”Xoş gəlmisiniz. Nadir İsrafilov sizsiniz? Siz bu qədər gəncsinizmiş, elə düşünürdüm ki, xeyli yaşınız var”.Cavabımı gözləmədən sözlərinə davam etdi: ”Tanışlığımıza məmnun oldum. Yazınız çox xoşuma gəldi. Sizin kimi gənclərlə yalnız fəxr etmək olar, fəaliyyətinizi bu istiqamətdə də davam etdirin. Hər hansı bir çətinliyiniz olsa, mütləq mənə müraciət edin”.
Gələcək işlərimdə mənə dönə-dönə uğurlar arzulayan bu ağayana və alicənab şəxsiyyət uşaq kimi sevincini gizlədə bilmirdi. Mən isə çaş-baş qalmışdım. Başa düşə bilmirdim ki, söhbət nədən, hansı yazıdan gedir. Bir anlığa ağlıma gəldi ki, yəqin akademik məni kiminləsə qarışdırır. Amma özümə bir az toxtaqlıq verərək narahatçılıqla söhbətin sonunu gözlədim. O isə, sanki təəccübləndiyimi hiss etmiş kimi sözlərini davam etdirə-etdirə əlindəki jurnalı mənə uzatdı. Bu Moskvada nəşr olunan o zamanın ən məşhur və nüfuzlu “Sovetskaya pedaqogika” jurnalının sonuncu nömrəsi idi. Sən demə, bir neçə ay əvvəl aspirant və gənc alimlərin Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Ümumittifaq konfransdakı məruzələrindən ən yaxşıları seçilərək jurnalın bu nömrəsində dərc edilibmiş və onların arasında mənım məruzəm də varmış. Onda mənə əyan oldu ki, nazir Mehdizadə onu oxuyub və məni bura təşəkkürünü bildirmək üçün çağıtdırıbmış.
Akademikin bütün alimlərimizə, pedaqoqlarımıza, ziyalılarımıza örnək olası bu sayğısı məni möhkəm duyğulandırdı. Bir anın içərisində o, gözlərimdə çox-çox yüksəklərə ucaldı. Bu böyük insanın səmimi addımını, əlbəttə, mən də cavabsız qoymadım, diqqətinə və həssaslığına görə ona sonsuz təşəkkürlərimi bildirdim. O vaxtdan bir neçə on illər ötüb. Parlaq şəxsiyyət, insanlıq etalonu akademik Mehdi Mehdizadə ilə ilk görüşüm xoş xatirə kimi bu gün də yaddaşımdan silinməyib...
“Mehdizadə çox halal insan idi”, “Mehdizadə çox əməli-saleh insan idi”, “Mehdizadə son dərəcə xeyirxah insan idi” , “Mehdizadə əsl xalq adamı idi” , Mehdizadə əsl alim, əsl ziyalı, əsl pedaqoq idi” və s.Təhsilimizin korifeyi akademik Mehdizadə haqqında bu sözləri onunla təmasda olan hər kəsdən eşitmişık, həm sağlığında, həm də dünyasını dəyışdikdən sonra. Xalqın məhəbbətini qazanmış düha haqqında bu sözlərdə müəyyən şiddət görünsə də, onların hamısı Mehdizadə kimi nəhəngin şəxsiyyət biçımınə yaraşır. Məhz bu keyfiyyətlərinə görə hamı onu indi də “ziyalılıq etalonu” sayır.Onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyı, böyüyən nəslin təhsili, təlim-tərbiyəsi idi. Akademik M.Mehdizadə həmışə hesab edirdi ki, təhsil kiminsə mülahizəsi, drijor çubuğu ilə yox, elmi-pedaqoji əsasda qurulmalı və idarə olunmalıdır.
Əlbəttə, bu parlaq şəxsiyyət haqqında söz demək nə qədər şərəflidirsə, bir oqədər də məsuliyyət tələb etdiyindən fikirlərimi yığcamlaşdırmaq qənaətindəyəm.Təkcə,onu əlavə etmək istərdim ki, onun müasirlərinin, onunla birgə çalışanların xatirələrini dinləyəndə, yaxud oxuyanda öz-özünə təsəlli tapırsan ki, nə yaxşı ki, təhsilimizdə Mehdi Mehdizadə olub, nə yaxşı cəmiyyətimiz bu cür örnək insanlardan xali deyil.Akademik M. Mehdizadənin təhsilimiz üçün kim olduğu görkəmli pedaqoqumuz, uzun illər onunla çiyin-çiyinə çalışmış, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin bir ümumiləşdirilməsində çox dəqiq ifadə edilib: ”Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə kim idisə akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi.“
Sözardı.Demək olar ki, hər il Bakıda olmağımdan asılı olaraq, Mehdi müəllimin doğum və anım günlərində onun məzarını ziyarət edirəm. Bir dəfə də səhər tezdən getmişdim.Hava tutqun idi. Gözlərimdə o, çox dalğın göründü. Sanki məndən küsmüşdü. Xəyalım məni 70-ci illərə-onunla ilk tanış olduğum ana apardı. Bir zamanlar məni gülərüzlə qarşılayan Mehdi müəllim sanki indi giley-güzar edirdi: ”Nadir müəllim, mən təhsilimizi sizə belə təhvil verməmişdim. Niyə bu günə saldınız? Axı biz heç kimdən əskik deyilik!... “Elə bil fikirlərim donmuşdu, istər-istəməz özümü günahkar saydim, cavab verə bilmədim...
Bu gün təhsildə demokratikləşmənın, humanistləşmənın, aşkarlığın, şəffaflığın, sağlam pedaqoji təfəkkürün, mənəvi düşüncənın, tabeçilikdə olanlara diqqət və qayğının,müəllimə,onun nüfuzuna yanaşma tərzinin incəliklərini mənimsəmək üçün Mehdi müəllimin həyat yoluna, nəzərı irsinə dönə-dönə nəzər salmağımıza böyük ehtiyac duyulur. Mənəviyyata söykənən bu keyfiyyətlərsiz isə təhsil sahəsində aparılan istənılən islahatlar əhəmiyyətsizdir.
2 141 dəfə oxundu