Nyu-York şəhəri sürətlə boşalır - sensasion rəqəmlər
Nyu-Yorku dünyanın qeyri-rəsmi paytaxtı adlandıranlar əslində yanılmırlar. Bu şəhər Yer kürəsinin maliyyə, ticarət və siyasi mərkəzidir. Lakin görünür, hamının “dream job” , yəni xəyal edilən iş üçün getməyə can atdığı bu böyük meqapolis artıq onun yerli sakinlərini bezdirib.
Belə ki, şəhərin orta sinfinə mənsub sakinləri onu tərk etməyə başlayıblar. Bu barədə “The New York Post” qəzeti məlumat verir.
Qəzet şokedici rəqəmləri son illərdə aparılan əhalinin siyahıya alınması zamanı ortaya çıxdığını qeyd edir. Belə ki, şəhər orta hesabla gündə 100 sakinini itirir, gedənlərin sayı isə gələnləri üstələyir.
Ekspertlər bunu Nyu-Yorkdakı yaşayışın bahalılğına, federal və yerli vergilərin çoxluğuna, müxtəlif texnoloji nailyyətlərin daxil olunması nəticəsində maaşların azalmasına bağlayırlar.
Analitiklərin rəyinə əsasən, bu cür qaçış Nyu-Yorkun orta sinfinin tərkibinə dəhşətli zərbə vurur. Belə rəqəm miqyasına görə 1930-cu illərin böyük iqtisadi böhran dövrünü qat-qat üstələyir. Hazırda şəhər əhalisinin 48%-i illik 30-60 min dollarlıq gəlirlə orta sinfinə aiddir. 31% nisbətən az qazanan kəsim sayılır. Nyu-Yorkun 21%-i isə varlı təbəqəyə mənsubdur.
“Nyu-Yorkda varlılar daha da zənginləşməyə davam edirlər. Kasıbların da gəlirlərində artım var. Lakin bu onların orta sinifə keçməsi üçün kifayət etmir”,-deyə Amerika iqtisadi araşdırmalar institutunun iqtisadçı eksperti Piter Erl qəzetə bildirib.
Belə ki, 2007-ci ildən bu yana yaradılan 175 min iş yerindən sadəcə 20 faizi orta sinifə uyğun işlər hesab olunur. Ekspertin rəyinə görə, Nyu- Yorkda orta kəsimin gəlirləri ABŞ-ın qalan bölgələrinə nisbətən daha sürətlə azalmaqdadır.
Bu tendensiyanı Nyu-Yorkun özündə bağlanan mağaza və dükanların sayından görmək olar. Son sorğulara görə, şəhərin təxminən 8,5 milyondan çox əhalisinin bir milyonu gələcəkdə ailələrini necə dolandıracaqları ilə bağlı narahatlıqlarını ifadə ediblər.
694 dəfə oxundu