“Bu vəsiqədən azad olunmağın vaxtıdır” – Gəncəliyevdən MESAJ
“Bildiyiniz kimi 30 ilə yaxındır ki, davam edən Ermənistan separatizmi dalğası öz mənfi fəsadlarını göstərib. 1988-ci ildən Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiaları Sovetlər İttifaqının süqutundan sonra Azərbaycana qarşı açıq hərbi işğal siyasəti ilə davam edib. Artıq vaxtı çoxdan yetişib ki, geri qayıdaq, öz torpaqlarımıza sahib çıxaq”.
Modern.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib:
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ məsələsi ATƏT-in sənədlərinə uyğun olaraq iki tərəfdən ibarətdir: Təcavüzkar Ermənistan və Təcavüzə məruz qalan Azərbaycan.
“Eyni zamanda bu məsələnin maraqlı tərəfi var – Dağlıq Qarabağın Azərbaycanlı və Erməni icmaları. Bizim Dağlıq Qarabağın Azərbaycanlı İcmasının 20 dekabr tarixində Idarə heyətinin yeni sədri və sədr müavinləri seçildi. Hazırda bizim qarşımızda olan əsas məqsəd və vəzifələr İcmanın üzrləri olaraq daim geriyə qayıtmaq əzmində olduğumuzu nümayiş etdirməkdir. Eyni zamanda Dağlıq Qarabağın münaqişəsi ilə bağlı beynəlxalq aləmdə səsimizin daha ucadan eşidilməsinə nail olmaqdır.
Qeyd etmək istəyirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilmiş görüşlər və yaxud digər tədbirlərdə İcma üzvləri iştirak ediblər. Amma bundan sonra biz fəaliyyətimizi daha intensiv həyata keçirməyi düşünürük. Məsələn, beynəlxalq təşkilat və konfranslarda İcma olaraq iştirak etmək, beynəlxalq təşkilatlarla keçirilən müzakirələrdə, debatlarda təmsil olunmaq və eyni zamanda internet üzərində, sosial şəbəkələr üzərində fəaliyyətimizi daha da intensivləşdirməkdir”.
T.Gəncəliyev bildirib ki, erməni təbliğat maşını zamanla iftira dolu məlumatlar yayır, erməni icmasının daha şişirdilmiş obrazını təqdim etməyə çalışır.
“Ancaq burada qeyd olunmalıdır ki, Dağlıq Qarabağın iki bərabərhüquqlu icması var , bunlar həm Azərbaycanlı, həm də Erməni icmalardır. Dediyimiz kimi biz, Dağlıq Qarabağın Erməni İcması ilə daim konstruktiv dialoqların, təmasların qurulmasını təmin etmək istəyirik. Ancaq ilk növbədə bizim Azərbaycan Respublikasının işğal olunmuş əraziləri işğaldan azad olunduqdan sonra erməni icması ilə bir yerdə yaşamağa hazırıq. Buna görə, dediyim kimi konstruktiv dialoqların, təmasların qurulmasına razıyıq. Artıq 26 ildən çoxdur ki, biz məcburi köçkünlük vəsiqəsini özümüzlə daşıyırıq. Məncə artıq vaxt yetişib, bu vəsiqədən azad olunmağın vaxtıdır. Biz istəyirik ki, öz torpaqlarımıza geri dönək və mənim dediyim erməni icması ilə dialoqa hazır olmağımız onu göstərir ki, biz Azərbaycan icması olaraq heç kimə qarşı düşmənçilik hislərimiz yoxdur, biz nifrət bəsləmirik, yeganə istəyimiz öz torpaqlarımıza qayıtmağımızdır.
Bundan artıq konstruktiv mövqe göstərmək mənim təsəvvürümə gəlmir. Baxmayaraq ki, biz uzun müddətdir öz torpaqlarımıza qayıtmaqdan, öz mülkiyyət hüquqlarımızın həyata keçirilməsindən, 26 ildən çox öz babalarımızın, nənələrimizin məzarını ziyarət etmək hüququndan məhrum olmuşuq. Bütün bunlara baxmayaraq biz heç kimə qarşı düşmənçilik, nifrət hissələri duymuruq və geri qayıtmaq istəyirik. Erməni icmasına qarşı da sülh əlimizi uzadaraq onlarla bir yerdə yaşamağa hazır olduğumuzu bildiririk”.
O bildirib ki, Dağlıq Qarabağ bölgəsinin hazırda 3 rayonu – Xocalı, Şuşa və Xocavənd rayonlarının sakinləri olaraq 80 min nəfər üzv var.
“Bu münaqişənin tənzimlənməsi istiqamətində bütün məsələlər nəzərdən keçirilə bilər. Bizim əsas məqsədimiz öz hüquqlarımızı təmin etmək, erməni icması ilə birlikdə konstruktiv danışıqlara başlamaqdır. Sarkisyan bizim və erməni icmasının arasına olan danışıqlara mane olurdu. Biz gələn ildən erməni icması ilə birgə dialoqa girə biləcəyik”.
672 dəfə oxundu