“SOCAR Gürcüstanda 72 məscidi təmənnasız qazla təmin edir” - GMİ sədri
“Gürcüstanın müsəlman icmasına ən böyük dəstəyi Azərbaycan tərəfi göstərir”.
Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Şeyx Hacı Ramin İgidov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi olan “Socar Georgia Gas” şirkəti ölkədəki 72 məscidi təmənnasız təbii qazla təmin edir: “İbadət yerlərinin, xüsusən də qış aylarında, buna böyük ehtiyacı vardı. 2015-ci ildən başlayaraq məscidlərin təbii qazla təmin olunması üçün limitin ayrılması ilə bağlı “Socar Georgia Gas” şirkətinə müraciətlər edirik. Bütün müraciətlərimiz nəzərə alınır və Gürcüstanda ildən-ilə təmənnasız təbii qazla təmin olunan ibadət yerlərinin sayı artır”.
GMİ sədri bildirib ki, şirkət məscidlərə bir il üçün 110 min lari məbləğində limit təqdim edib: “Hər bir ibadət yerinə orta hesabla illik 1600-1700 lari düşür. Bu məbləğ məscidlər arasında ədalətli bölünür. Yəni şəhər və rayondakı məscidlərə kəndlərdəki ibadət yerlərindən daha çox limit verilir”.
R.İgidov qeyd edib ki, təmənnasız təbii qaz alan məscidlərin böyük əksəriyyəti Kvemo Kartli bölgəsində yerləşir: “Acarıstan və Pankisi bölgələrində də təbii qaza limitin təqdim edildiyi məscidlər var. Gürcüstanda 330-a yaxın məscid olsa da, bir çoxları təbii qazla təmin olunmayıb. Bu da həmin məscidlərin yerləşdiyi yaşayış məntəqələrinin hələ də qazlaşdırılmaması ilə əlaqəlidir”.
GMİ sədri SOCAR şirkətinin müsəlman icmasına dəstəyini əvəzsiz adlandırıb: “Bu olduqca böyük dəstəkdir. İdarəmiz adından hər zaman şirkətə minnətdarlıq ünvanlayırıq. Gürcüstanın bütün müsəlman ruhaniləri şirkətin bu qayğısını yüksək qiymətləndirirlər”.
Şeyx Hacı Ramin İgidov
Qeyd edək ki, 2014-cü ildən başlayaraq SOCAR, Azərbaycanda olduğu kimi, Gürcüstanda da məscidləri pulsuz təbii qazla təmin edir. Bu, Gürcüstanda yaşayan soydaşlarımızın milli və dini adət-ənənələrini qoruyub, saxlaya bilməsi üçün atılan əsas addımlardan biridir. Qeyd edək ki, şirkət qonşu ölkədə uzun müddət fəaliyyət göstərdiyi üçün Gürcüstanın pravoslav patriarxatına da pulsuz qaz kvotası ayırır, onlar isə bu kvotanı özləri ayrı-ayrı gürcü kilsələri arasında bölürlər. Gürcüstan Patriarxının açıqlamasına görə, hazırda qeyri-gürcü kilsələrinə pulsuz qaz kvotası şamil olunmur.
Şirkət, milli-mədəni irsimizin qorunması məqsədilə Kaxeti rayonunun Muğanlı kəndində “20 Yanvar” memorialını, Tbilisi şəhərindəki Heydər Əliyev sahil küçəsində Heydər Əliyevin büstünü ucaldıb, eləcə də Tbilisi və Rustavi şəhərlərində Heydər Əliyev parklarında abadlıq və təmir-bərpa işlərini həyata keçirib. Rustavi şəhərindəki Heydər Əliyev parkının yaxınlığında 2 yaşayış korpusunu bərpa etdirib.
“SOCAR Georgia” Tbilisi şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus Nəriman Nərimanov adına ev-muzeyinin təmir-tikinti işlərini gerçəkləşdirib. Eyni zamanda, bu şəhərdə M.F.Axundov adına muzeyin Azərbaycan mədəniyyəti və etnologiyasını təbliğ edən mədəni-maarifləndirici layihələrini maliyyələşdirilib. Şirkət, Gürcüstan türkləri” sənədli filminin çəkilişinə, “Buta” rəqs ansamblına, “Varlıq” mədəniyyət mərkəzi və azərbaycanlılara məxsus bir sıra QHT-nın mədəni-maarifləndirici proqramlarına maliyyə dəstəyi göstərib.
606 dəfə oxundu