Qazaxıstan klubu azərbaycanlı futbolçudan pul istədi - BƏYANAT
Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) futbolçu Fuad Bayramovun azerisport.com saytına qalmaqallı müsahibəsi ilə bağlı vəziyyəti araşdırıb.
"Report"un məlumatına görə, Fuad Bayramov sayta müsahibəsində, baxışda olduğu Qazaxıstanın “Aktobe” klubunda ondan pul qoparılması cəhdindən bəhs edib. Bu müsahibə Qazaxıstan mətbuatında ciddi rezonans doğurub. Lakin Fuad Bayramov sonradan klubun mətbuat xidmətinə açıqlama verərkən, bildirib ki, onun sözləri saytda ya təhrif edilib və ya səhvən elə yazılıb. Buna cavab olaraq, sayt futbolçunun səs yazısını yayaraq, heç bir səhvə yol vermədiyini və futbolçunun sözlərini təhrif etmədiyini sübut edib.
AİJF bəyan edir ki, bəhs edilən məsələdə Azərbaycan idman saytının jurnalistləri futbolçu Bayramovun sözlərinin təhrifsiz, olduğu kimi dərc etdiklərini və haqlı olduqlarını sübut ediblər, heç bir qanun pozuntusuna yol verməyiblər.
AİJF futbolçuya tövsiyə edir ki, növbəti dəfə müsahibə zamanı danışdığı sözlərin məsuliyyətini dərk etsin və sonradan təkzib verməyə, idman mediasını qaralamağa cəhd göstərməsin.
AİJF bəyanatın mətnini Qazaxıstan İdman Jurnalistləri Assosiasiyasına göndərməklə, azərbaycanlı idman jurnalistinin təhrif və qərəzə yol vermədiyinin Qazaxıstan mətbuatında da işıqlandırılması üçün müraciət edəcək.
620 dəfə oxundu