“Meydan TV” və “Azadlıq” radiosunun fəaliyyəti qanunsuzdur
“Meydan TV” adı altında özünü təqdim edən qurum və “Azadlıq.org” saytı Azərbaycanda rəsmi formada fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyib. Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. XİN rəsmisinin sözlərinə görə, “Meydan TV” və “Azadlıq.org” qeydiyyatdan keçmək üçün nazirliyə müraciət etməyiblər.
H.Hacıyev qeyd edib ki, “BBC Azərbaycan” xidmətinə gəldikdə isə bu qurum və onların əməkdaşları mütəmadi olaraq akkreditasiyadan keçirlər. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu barədə açıqlamasında bildirib ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər.
Qeyd edək ki, Xarici dövlətlərin ərazisində hüquqi qeydiyyatdan keçmiş KİV-lər Azərbaycan Respublikasının ərazisində peşəkar KİV, media fəaliyyəti ilə məşğul olmaq istədikləri təqdirdə Azərbaycan Respublikasında xarici KİV nümayəndələrinin akkreditasiya qaydalarına uyğun olaraq Xarici İşlər Nazirliyində qeydiyyatdan keçməlidirlər. Bu baxımdan “Meydan TV” və “Azadlıq.org” saytlarının Azərbaycan dilində fəaliyyəti qanunsuzdur.
1 107 dəfə oxundu