"Bir neçə qəzetin həbs olunan MTN generalları ilə əlaqələri üzə çıxacaq”
Milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılandan sonra bu nazirliyin fəaliyyətindəki bir sıra qanun pozuntuları da açıqlanmağa başladı. Məlum oldu ki, nazirlikdə müxtəlif vəzifə tutanlar sahibkarlıqla məşğul olan qurumlar və iş adamlarını, hətta bəzən məmurları müxtəlif üsullarla ləkələməkdə bəzi kütləvi informasiya vasitələri ilə işbirliyi qurublar. İddia olunur ki, MTN-in nəzarətindəki bir sıra mətbuat orqanları hətta açıq-aşkar reketliklə də məşğul olublar.
Digər iddiaya görə, həmin mətbuat orqanları vasitəsi ilə hədəfə götürdükləri “obyekt” əvvəlcə “vurulur”, onların “cinayət əməlləri”, “korrupsiyaya yol vermələri” tirajlanır, sonra bunu əllərində əsas götürən MTN-çilər hərəkətə keçib soyğunçuluqla məşğul olurmuşlar. Mətbuat Şurasının “Reket jurnalistikaya” qarşı Mübarizə Komissiyasının üzv, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Modern.az-a bildirib ki, 5-6 il əvvəlbir neçə qəzetin adının reket mətbuat orqanları siyahısına daxil edilməsinə baxmayaraq, fəaliyyətlərini israrlı davam etdirirdilər: “Mətbuat Şurasında bu məsələləri müzakirə edərkən reket adlandırdığımız bir çox mətbuat orqanına hər hansı yolla təsir etmək mümkün olmurdu. Hətta ictimai qınaq, Mətbuat Şurasının ən yüksək səviyyələrdə təsirləri bu adamları öz yolundan çəkindirmirdi.
İctimaiyyətdə də belə fikir yaranırdı ki, bu tipli reket mətbuatın arxasında hansısa güclü dayaqlar durur. Azərbaycanda medianın kimlərə bağlı olması, hansı medianın kimlərlə əlaqəli olması asan görünən məsələdir və bunu dərindən araşdırmağa ehtiyac yoxdur. Onlar elə yerlərə bağlı idilər, elə informasiyalar dərc edirdilər ki, hətta Azərbaycanın ən nüfuzlu nazirlərinə, dövlət adamlarına qarşı o qədər məxfi, məlum olmayan informasiyaları ard-arda dərc edirdilər.
Nəticədə o dəqiqə biz şübhələnirdik ki, bunun hansısa xüsusi xidmət orqanlarındakı adamlarla əlaqələri ola bilər”. Rəşad Məcid qeyd edib ki, həmin reket mətbuat orqanları bu dərəcədə cəsarətli, məxfi məlumatları əldə edə biləcək statusda deyil və heç kim tanımır: “Bəzən hətta bunu xüsusi xidmət orqnalarının əməkdaşları ilə bağlayırdılar və biz təəssüf edirdik ki, niyə bu qədər nüfuzlu qurum olan və hər zaman öz gizliliyi, saflığı ilə seçilən milli təhlükəsizlik orqanlarının hansısa yüksək rütbəli məmurları bu cür cılız işlərlə məşğuldurlar, hansısa məmurları şantaj etmək üçün bu cür primitv və istedadsız qəzet adamlarını, “jurnalistləri” vasitə seçirdilər.
Bu qəzetlərin, redaktorların, jurnalistlərin toxunulmazlığı onların arxasındakı qüvvələrin mövcudluğundan xəbər verirdi. O qüvvələr hesabına bu qəzetləri nə bağlamaq mümkün olurdu, nə də onlara hansısa təsir imkanı mümkün idi. İndi bu məsələ yenidən gündəmə gəlibsə, bir neçə qəzetin MTN-nin həbs olunan generalları ilə əlaqəli olması üzə çıxacaq. Nəticədə Azərbaycanda ayrı-ayrı iş adamlarının, hətta məmurların bu cür yolla şantaj edilməsi məsələləri də araşdırılacaq”.
1 474 dəfə oxundu