Məhkəmə Pərviz Həşimli barədə qərarı qüvvədə saxladı
Oktyabrın 27-də Ali Məhkəmə 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin şikayətinə baxıb. Bu barədə Cəbhə.info-ya Pərviz Həşimlinin vəkili Elçin Sadıqov məlumat verib.
Pərviz Həşimli barəsində olan Bakı Apellyasiya Məhkəməsinin dekabrın 24-də 2014-cü ildə apellyasiya şikayətinə yekun iclas baxışı qərarından Ali Məhkəməyə şikayət verilmişdi. O bildirib ki, kassasiya şikayətinə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılıb: “Pərviz Həşimovun məhkəməyə gətirilməsi barədə vəsatətimiz təmin olunmadı. Daha sonra məhkəmə Pərviz Həşimli barəsində olan qərarı qüvvədə saxladı və kassasiya şikayətimizi təmin etmədi. Bu qərarları qanunsuz hesab edirik, Pərviz Həşimli heç bir cinayət törətməyib, bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik”.
Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb, evində və iş yerlərində axtarış aparılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
1 047 dəfə oxundu