Sahibkarlara “ASAN” lisenziyalar verilməyə başlandı

Sahibkarlara “ASAN” lisenziyalar verilməyə başlandı


Bu gündən etibarən İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində sahibkarlıq fəaliyyəti üçün lisenziyaların verilməsinə başlanıb.

“APA-Economics”in məlumatına görə, bu gün 5 saylı "ASAN xidmət" mərkəzində ilk olaraq nəqliyyat sahəsi üzrə, xüsusi olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar və taksi-minik avtomobillərində sərnişindaşıma fəaliyyəti üçün lisenziyalar sahibkarlara təqdim olunub.

İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov deyib ki, prezident İlham Əliyevin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının azaldılması, lisenziyaların verilməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsinə dair fərmanına uyğun olaraq hazırda nazirlik tərəfindən lisenziyalaşdırılan fəaliyyət növlərinin sayının azaldılması, prosedurların sadələşdirilməsi, qaydaların təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsinə dair konkret təkliflər hazırlanır. Onun sözlərinə görə, qısa müddət ərzində təkliflər aidiyyatı qurumlara təqdim olunacaq.

“Sahibkarlara bildirmək istəyirəm ki, yeni lisenziyalaşdırılan fəaliyyət növü ilə bağlı lisenziya əldə etmək istəyən sahibkarlarımız bir müddət səbr etsinlər. Çünki, hazırda qeyd etdiyim kimi, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lisenziyalaşdırılan fəaliyyət növlərinin sayının azaldılması istiqamətində təkliflər hazırlanır. Ola bilsin ki, həmin fəaliyyət növləri lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısında olmasın. Sahibkarlarımız da bu məsələ ilə bağlı xərc çəkməsinlər. bir daha müraciət edirəm ki, bir müddət sahibkarlarımız səbr etsinlər”.

Qeyd edək ki, noyabrın 2-dən etibarən lisenziyaların yenilənməsi ilə bağlı 600-dək müraciət daxil olub ki, onlardan 57-si icraata götürülüb. Qısa müddət ərzində həmin lisenziyalar sahibkarlara təqdim olunacaq.

Xatırladaq ki, indi 23 dövlət qurumu tərəfindən 59 fəaliyyət növü üzrə lisenziya verilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 004 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...