Vahid Mürsəliyev Azercell Telekom MMC-nin prezidenti təyin edildi
Vahid Mürsəliyev 1 dekabr 2015-ci tarixindən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edildi. Cənab Mürsəliyev şirkətin Hüquq və İdarə İşləri Departamentinin direktoru vəzifəsi ilə bərabər, cari ilin yanvar ayından Azercell prezidenti vəzifələrinin icraçısı kimi fəaliyyət göstərirdi.
"Vahid Mürsəliyev prezident vəzifələrinin icraçısı kimi çalışdığı dövrdə şirkətə dərin sadiqliyini nümayiş etdirmişdir. Azercell-in tarixində ilk dəfə olaraq, Azərbaycanlının prezident vəzifəsinə təyin olunması çox qürurvericidir. Yeni işində ona uğurlar arzulayıram” deyə, TeliaSonera şirkətinin Avrasiya regionu üzrə rəhbəri Emil Nilsson qeyd edir. Vahid Mürsəliyev Azercell Telekom MMC-də 2005-ci ildən çalışır. 10 il ərzində Vahid Mürsəliyev şirkət prezidentinin Baş Müşaviri və Hüquq və İdarə İşləri Departamentinin direktoru da daxil olmaqla, yüksək rəhbər vəzifələri icra edib.
V. Mürsəliyev 2000-2001-ci illərdə ABŞ-ın Case Western Reserve Universitetində Amerika Korporativ İdarəetmə sistemi üzrə elmi-tədqiqat işləri aparmışdır, bundan əlavə Biznesin İdarə Olunması üzrə sertifikata malikdir. O, eyni zamanda, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru, həmçinin, Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.
1 847 dəfə oxundu